“Diqqət, uşaqlar!” aylığına yekun vurulub
Daxili İşlər Nazirliyinin göstərişinə əsasən respublika üzrə keçirilən “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub.
“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi və ərazi polis orqanlarının dövlət yol polisi qurumları tərəfindən aylıq çərçivəsində silsilə tədbirlər həyata keçirilib, görülən işlərlə bağlı vaxtaşırı məlumatlar yayımlanıb.
Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumları ilə birgə – pedaqoqlar, valideynlər və media nümayəndələri cəlb edilməklə 200-dən çox təhsil ocağında keçirilən görüşlər təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edib.
Təkcə Abşeron-Xızı RTİ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 2000-dən çox şagiridin cəlb edildiyi görüşlərdə təhsilalanlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı geniş məlumat verilib, onların sualları cavablandırılıb, əyani vəsaitlər, eləcə də məktəblilərin hazırladıqları səhnəciklər nümayiş olunub.
Görüşlərdə çıxış edən DYP təmsilçiləri tərəfindən şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı öyrəndikləri biliklərin hər zaman onların köməyinə çataçağı vurğulanıb, yollarda uşaq travmatizminini minimuma endirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər zaman zəruri addımlar atıldığı qeyd olunub.








