Almaniyada işsizlər üçün müavinətin hər üç avrosundan biri qaçqınlara gedir
Almaniyada qaçqınlar və miqrantlar üçün nəzərdə tutulan müavinət xərcləri hazırda durmadan artır.
“TV1” “BİLD”-ə istinadən xəbər verir ki, əgər ölkədə 2021-ci ildə qaçqınlar və miqrantları dəstəkləmək üçün 5,9 milyard avro ayrılmışdısa, bu məbləğ ötən il 12,2 milyard avro təşkil edib. Bu, işsizlik üçün ayrılmış ümumi müavinətin dörddə birindən çoxdur.
2024-cü ilin proqnozlarına görə, bu məbləğ 13,7 milyard avroya çatacaq. Bu isə ümumi xərclərin 30%-ni təşkil edir.
“BİLD” bu barədə Almaniyanın Əmək Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Almaniyada bu istiqamətdə 2023-cü ildə Əfqanıstan vətəndaşları 1,3 milyard, Suriya 3,5 milyard, Ukrayna vətəndaşları isə 5,8 milyard avro müavinət alıblar.
İrak vətəndaşları 774 milyon, İran 282 milyon, Eritreya 172 milyon, Somali 155 milyon, Nigeriya 125 milyon və pakistanlılar isə 112 milyon avro müavinət alıblar.
2021-2024-cü illər arasında qaçqınlar və miqrantlar üçün nəzərdə tutulan müavinət xərcləri nəzərəçarpacaq dərəcəd artıb – 16,6%-dan 29,2 %-dək. Bunun səbəbi isə Ukrayna müharibəsi oldu. Həmin ölkədən Almaniyaya 1,3 milyon qaçqın gəlib. Həmin qaçqınlar isə əsasən qadınlar və kiçik uşaqlardır.