Avropanın ən böyük festivalı - Ofisiantlar 2 həftəyə təqribən 10000 avro qazanıb - FOTO
Almaniyanın Münhen şəhərində ənənəvi “Oktoberfest” pivə festivalı yekunlaşıb. Ümumilikdə bayram tədbirlərində 6,5 milyon insan iştirak edib.
“TV1” xəbər verir ki, ilkin məlumata görə iki həftə ərzində iştirakçılar tərəfindən 7 milyon litr pivə içilib.
Festivalda əvvəlki illərlə müqayisədə bu il daha az qanun pozuntusu olub. Amma buna baxmayaraq, 2 zorlama və 200 dəfə bədənə xəsarət yetirmə halı qeydə alınıb. Ümumilkdə 5300 nəfərə tibbi yardım göstərilib. Yerli polis idarəsi belə genişmiqyaslı tədbir üçün bu statistikanı məqbul hesab edir.
Festival günlərində təkcə turistlərin bir milyard avro həcmində vəsait xərclədikləri bildirilir. Müştərilərə xidmət göstərmək üçün festivala ümumilikdə 13 min ofisiantın cəlb olunduğu, hər ofisiantın gün ərzində 10 km məsafə qət etdiyi və iki həftə ərzində orta hesabla 7-8 min avro qazandığı da qeyd olunub.
Bir bakal pivənin qiyməti isə 13 -15 avro arası olub ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.