Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası Avropanın müdafiə hazırlığını və sənaye potensialını gücləndirmək məqsədilə ilk dəfə olaraq beş “Ümumi Maraq Kəsb Edən Avropa Müdafiə Layihəsi”ni (EDPCI) rəsmən təsdiqləyib.
“TV1” xəbər verir ki, təsdiqlənmiş layihələr Aİ-nin Avropa Rəqabətlilik Fondu vasitəsilə maliyyələşdiriləcək və beş kritik sahəni əhatə edəcək. Ötən il qəbul edilən Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) çərçivəsində irəli sürülən bu təşəbbüslər bir ölkənin təkbaşına həyata keçirə bilməyəcəyi irimiqyaslı və mürəkkəb müdafiə sistemlərinin birgə istehsalına imkan yaradır.
DECODER layihəsi pilotsuz uçuş aparatları (PUA) və PUA-ya qarşı mübarizə texnologiyalarının yaradılması və miqyasının genişləndirilməsini, IMSD dəniz və dəniz dibində olan təhlükələrin qarşısını almaq üçün inteqrasiya olunmuş müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.
SPACE layihəsi raket zərbələrini əvvəlcədən təsbit edən erkən xəbərdarlıq peykləri və kəşfiyyat sistemlərinin gücləndirilməsini, EU-FIAMD layihəsi hava və raket hücumundan birgə müdafiə və vahid komandanlıq şəbəkəsinin qurulmasını, “Eastern Flank Watch” layihəsi isə Aİ-nin şərq sərhədlərinin quru, dəniz, hava və kibersahədə tam təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.
Bu təşəbbüslərə Aİ üzvləri ilə yanaşı, tərəfdaş ölkələr – Norveç və Ukrayna da cəlb olunacaq.








