Azad edilən ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
“TV1” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.