Azərbaycanda dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb
“Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb”.
“TV1” xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb:
“Həmin domen də tərəfimizdən bloklanıb”.
Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.