Azərbaycanın Sülh, İnkişaf və Güclü Dövlət İli - 2025

media-ads_728_90

Azərbaycanın Sülh, İnkişaf və Güclü Dövlət İli – 2025

Prezident İlham Əliyevin mediaya mütəmadi müsahibələri dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib. O, yalnız qəbul edilmiş qərarların nəticələrini deyil, onların arxasındakı siyasi məntiqi və strateji hədəfləri də açıq şəkildə izah edir.

Bu yanaşma vətəndaşlara baş verən prosesləri birbaşa mənbədən izləmək və dövlət siyasətini şəffaf şəkildə dərk etmək imkanı yaradır.

Prezidentin ABŞ-a səfəri: Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş nöqtəsi

2025-ci il müharibədən sülhə keçid mərhələsində olan Azərbaycan üçün xarici siyasət baxımından həlledici il kimi xarakterizə olunur. Bu kontekstdə Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan–ABŞ münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi hadisədir. Səfər göstərdi ki, Azərbaycan artıq regional proseslərin obyektindən çıxaraq qlobal siyasətin subyektinə çevrildi.

2025-ci il avqustun 8-də Prezident İlham Əliyev Ağ Evdə Prezident Donald Trampla görüş zamanı ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzalanıb. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələr, müdafiə və təhlükəsizliyi əhatə edir.

Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi Qələbə və sonrakı illərdə formalaşdırdığı yeni regional reallıqlar 2025-ci ildə ABŞ tərəfindən faktiki olaraq qəbul edildi. Uzun müddət ikitərəfli münasibətlərdə siyasi alət kimi istifadə olunan 907-ci düzəlişin real təsir mexanizmlərinin aradan qalxması Vaşinqtonun Cənubi Qafqaza baxışında keyfiyyət dəyişikliyindən xəbər verir. ABŞ–Azərbaycan Strateji İşçi Qrupunun yaradılması isə tərəflər arasında əməkdaşlığın epizodik deyil, sistemli xarakter almasını təmin edir.

Bu proses eyni zamanda Azərbaycanın hərbi Qələbəsinin qlobal siyasi müstəvidə legitimləşdirilməsi anlamına gəlir.

Prezident Donald Tramp administrasiyasının praqmatik və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycan – ABŞ münasibətlərində ideoloji məhdudiyyətlərin aradan qalxmasına səbəb oldu. Bu yanaşma ABŞ-ın regional kommunikasiya və enerji layihələrinə münasibətində də özünü göstərir. Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən açıq şəkildə dəstəklənməsi Vaşinqtonun regionda uzunmüddətli iqtisadi və geosiyasi maraqlarını əks etdirir. Sözügedən dəhliz ABŞ üçün Avrasiya məkanında alternativ ticarət və logistika marşrutu kimi strateji əhəmiyyət daşıyır.

Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Azərbaycan – Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan TRIPP marşrutudur. Strateji Tərəfdaşlıq Xartiyası üzrə işlər yekun mərhələdədir və imzalanması gözlənilir.

907-ci düzəliş: Ləğv perspektivləri və strateji əhəmiyyəti

ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəliş Azərbaycan–ABŞ münasibətlərində uzun illər siyasi disbalans yaradan və tarixi ədalətsizliyi əks etdirən sənəd kimi qiymətləndirilməlidir. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi bir dövrdə məhz Azərbaycana qarşı məhdudiyyətlərin tətbiq olunması nə beynəlxalq hüquqa, nə də ABŞ-ın elan etdiyi dəyərlərə uyğun idi. Müharibədən sülhə keçid mərhələsində olan və regionda yeni reallıqlar formalaşdıran Azərbaycan üçün bu düzəliş bu gün tamamilə mənasızdır və mövcud ABŞ–Azərbaycan münasibətləri fonunda birdəfəlik ləğv edilməlidir.

907-ci düzəliş 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən qəbul edilərək, Azərbaycana birbaşa dövlət yardımını qadağan edib. Düzəlişin qəbulunda Con Kerri, Veyn Ovens və Cozef Bayden fəal rol oynayıblar və 1993-cü ildən tətbiq olunmağa başlayıb. 2002–ci ildən etibarən müvəqqəti dondurulan düzəliş Bayden administrasiyası dövründə yenidən tətbiq olunub.

Sonrakı illərdə 907-ci düzəliş ABŞ–Azərbaycan münasibətlərində hüquqi sənəddən daha çox siyasi təzyiq aləti rolunu oynayırdı. Xüsusilə Bayden–Blinken administrasiyası dövründə bu düzəlişdən Bakıya qarşı diplomatik təsir mexanizmi kimi istifadə edilməsi halları müşahidə olunub.

Prezident Donald Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərinin praqmatik, milli maraqlara əsaslanan müstəviyə keçməsi 907-ci düzəlişin ləğvi üçün real siyasi imkanlar yaratdı. Məhz bu mərhələdə 907-ci düzəlişin Konqres tərəfindən birdəfəlik ləğv edilməsi ABŞ–Azərbaycan münasibətlərində yeni strateji səhifə aça bilər.

Azərbaycanın xarici siyasətində mühüm uğurları

2025-ci il Azərbaycan Respublikasının xarici siyasət kursunun effektivliyini və çoxşaxəliliyini aydın şəkildə nümayiş etdirən mühüm mərhələ kimi xarakterizə olunur. Qlobal geosiyasi qeyri-sabitliyin davam etdiyi bir dövrdə Azərbaycanın balanslı, milli maraqlara əsaslanan və praqmatik diplomatiyası ölkəmizi regionlararası əməkdaşlıqda etibarlı tərəfdaş və strateji qovşaq mövqeyinə çıxardı.

İlin ən əhəmiyyətli hadisələrindən biri Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlığın rəsmiləşdirilməsi olmuşdu. Bu addım Azərbaycanın Asiya istiqamətində artan diplomatik çəkisini və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində oynadığı mühüm rolu təsdiqləyir. Eyni zamanda, Azərbaycanın D-8 təşkilatına yeganə yeni üzv kimi qəbul olunması ölkənin İslam dünyası və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında nüfuzunun artdığını göstərir. Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi isə Azərbaycanın türk dünyasında siyasi inteqrasiyanın fəal iştirakçısına çevrildiyini nümayiş etdirir.

Bu diplomatik nailiyyətlər Azərbaycanın regionlararası “canlı körpü və etibarlı tərəfdaş” rolunu daha da gücləndirdi. 2025-ci ildə tranzit həcmlərinin artması, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin funksionallığının yüksəlməsi Azərbaycanın logistika mərkəzi kimi əhəmiyyətini artırdı. Bu, Azərbaycanın enerji təhlükəsizliyi ilə yanaşı, rəqəmsal təhlükəsizlik və yaşıl transformasiya gündəliyində də mühüm aktor olduğunu göstərir.

2025-ci il ərzində Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq zirvə görüşləri və forumlar ölkənin artan siyasi nüfuzunun praktik ifadəsinə çevrildi. Xüsusilə Xankəndi, Şuşa və Qəbələdə təşkil olunan beynəlxalq tədbirlər həm simvolik, həm də strateji məna daşıyır. Bu məkanlarda beynəlxalq tədbirlərin keçirilməsi postmünaqişə reallıqlarının qlobal ictimaiyyət tərəfindən qəbul olunduğunu və Azərbaycanın suverenliyinin mübahisəsiz şəkildə tanındığını nümayiş etdirir.

Qəbələdə TDT Sammiti: Prezident İlham Əliyevin hərbi əməkdaşlıq təşəbbüsünün strateji mənası

2025-ci ildə Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti türk dünyasının təhlükəsizlik gündəliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sammit çərçivəsində türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs regional və qlobal təhlükəsizlik mühitində baş verən fundamental dəyişikliklərin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və güc faktoru həlledici amilə çevrilmişdir. Qlobal qeyri-sabitlik, regional münaqişələrin artması və beynəlxalq hüququn selektiv tətbiqi fonunda dövlətlərin öz təhlükəsizliklərini kollektiv mexanizmlər vasitəsilə təmin etməsi zərurətə çevrilir. Bu baxımdan, TDT çərçivəsində hərbi əməkdaşlığın institusional əsasda gücləndirilməsi türk dövlətlərinin müdafiə potensialının artırılmasına xidmət edir.

Prezident İlham Əliyevin mövqeyinin əsas fərqləndirici cəhəti güc amilini aqressiya ilə deyil, məsuliyyət və ədalət prinsipləri ilə əlaqələndirməsidir. Azərbaycan güclü olmağı regional hegemonluq vasitəsi kimi deyil, sülhün, sabitliyin və beynəlxalq təhlükəsizliyin təminatçısı kimi təqdim edir. Bu yanaşma TDT-ni klassik hərbi blokdan fərqləndirir və onu qarşılıqlı dəstək və suverenliyə hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq platforması kimi formalaşdırır.

Çin Xalq Respublikası ilə əlaqələr: Strateji tərəfdaşlıqdan sistemli əməkdaşlığa

Son illər, xüsusilə 2025-ci ildə Azərbaycan–Çin münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində institusional çərçivə qazanmışdır. İki ölkə arasında imzalanmış fundamental sənədlər iqtisadiyyat, enerji, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığa güclü impuls vermiş, qarşılıqlı münasibətləri deklarativ xarakterdən çıxararaq real layihələr müstəvisinə keçirmişdir.

Bu strateji yaxınlaşmanın ən mühüm nəticələrindən biri Azərbaycan–Çin ticarət dövriyyəsinin rekord həddə çatması və Çin investisiyalarının Azərbaycanda sürətlə artmasıdır. Çin şirkətləri Azərbaycanın sənaye, logistika, yaşıl enerji və rəqəmsal infrastruktur layihələrində fəal iştirak etməyə başlamışdır. Bu proses Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə uyğun olmaqla yanaşı, Çinin qlobal istehsal və təchizat zəncirlərinin etibarlı tərəfdaş axtarışına cavab verir.

Azərbaycanın geostrateji mövqeyi bu əməkdaşlığın əsas dayaqlarından biridir. Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizi vasitəsilə ölkəmiz Asiya ilə Avropa arasında əsas tranzit və logistika mərkəzinə çevrilməkdədir. Çin üçün bu marşrutlar həm vaxt, həm də təhlükəsizlik baxımından alternativ və etibarlı yol kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu dəhlizlər üzərindən keçən yüklərin həcminin artması hesabına regionlararası ticarətdə açar mövqeyini möhkəmləndirir.

Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı: Bərpa, reinteqrasiya və dayanıqlı məskunlaşma modeli

Azərbaycanın postmünaqişə dövrü siyasətinin əsas sütunlarından biri Böyük Qayıdış prosesidir. Bu proses çərçivəsində icra olunan Birinci Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərin bərpasını təkcə fiziki yenidənqurma deyil, eyni zamanda sosial-iqtisadi reinteqrasiya və dayanıqlı məskunlaşma strategiyası kimi müəyyən edir. Proqramın əsas məqsədi bu ərazilərin Azərbaycanın ümumi iqtisadi zəncirinə sistemli şəkildə daxil edilməsidir.

Birinci Dövlət Proqramı çərçivəsində enerji təminatı, su təchizatı, avtomobil yolları və tunellərin inşası kimi əsas infrastruktur layihələri prioritet istiqamət kimi həyata keçirilmişdir. Elektrik şəbəkələrinin qurulması, alternativ və yaşıl enerji mənbələrinin tətbiqi, müasir su və kanalizasiya sistemlərinin yaradılması bölgələrdə dayanıqlı yaşayış üçün baza formalaşdırır. Yol və nəqliyyat infrastrukturunun inkişafı isə həm mobilliyi artırır, həm də azad edilmiş ərazilərin ölkədaxili və regionlararası iqtisadi əlaqələrə inteqrasiyasını sürətləndirir.

2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. Belə ki, 2020–2025-ci illərdə bərpa işlərinə 22,3 mlrd manat, o cümlədən 18,5 mlrd manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 mlrd manat, 2026-cı ildə isə 3,5 mlrd manat nəzərdə tutulub. Ümumilikdə (2026 daxil) məbləğ 30,5 mlrd manatdır.

Zəngəzur dəhlizi və Naxçıvan istiqamətində infrastruktur layihələri: Regional nəqliyyatın strateji təkmilləşdirilməsi

Azərbaycanın regional tranzit və nəqliyyat siyasətində 2025-ci il əsas dönüm ili kimi qiymətləndirilir. Zəngəzur dəhlizi layihəsi artıq icra olunmuş və əsas hissəsi Azərbaycanın ərazisində tamamlanmışdır. Bu dəhliz yalnız ölkənin qlobal ticarət şəbəkəsinə inteqrasiyasını gücləndirmir, həm də Naxçıvanla əlaqəni təmin etmək üçün həm Ermənistan, həm də İran üzərindən alternativ yolların açılmasına imkan yaradır. Beləliklə, Azərbaycanın eksklav regionu ilə əlaqəsi hərtərəfli və davamlı şəkildə təmin olunur.

Dəhliz çərçivəsində dəmir və avtomobil yollarının, körpülərin və digər infrastruktur obyektlərinin sürətlə tikilməsi layihənin regional və beynəlxalq əhəmiyyətini artırır. Layihənin planlaşdırılan yükötürmə qabiliyyətinin 15 milyon tona çatması Azərbaycanı əsas tranzit mərkəzi kimi möhkəmləndirir. Bu isə yalnız iqtisadi deyil, həm də strateji və geosiyasi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Azərbaycan üçün Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərini birləşdirən qovşaq rolunu oynayır.

Layihənin regional təsirləri də mühümdür. Zəngəzur dəhlizi Azərbaycanın postmünaqişə reallıqlarında iqtisadi inkişafa, ticarət və logistikanın artmasına xidmət etməklə yanaşı, Ermənistanın da iqtisadi faydasına töhfə verəcək. Bu, regional əməkdaşlığın və qarşılıqlı iqtisadi maraqların inkişafı üçün önəmli bir platformadır və uzunmüddətli sabitliyə töhfə verir.

“Tramp marşrutu” konsepsiyası isə bu dəhlizin ABŞ və qlobal iqtisadi partnyorlar tərəfindən strateji şəkildə dəstəklənməsini simvolizə edir. Layihənin beynəlxalq diqqət mərkəzində olması Azərbaycanın regional əhəmiyyətini artırır, eyni zamanda qlobal logistika şəbəkələrinə inteqrasiyanı sürətləndirir.

Qeyd edək ki, Zəngəzur dəhlizi çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 96%-i tamamlanıb və 2026-cı ilin birinci yarısında istifadəyə veriləcək, Ağbənd körpüsündə işlər 95% səviyyəsindədir. Horadiz-Ağbənd dəmir yolu xəttində layihələndirmə 85%, tikinti 69% icra olunub. Naxçıvan istiqamətində 188 km-lik dəmiryolu ilə körpülər, tunellər və viyaduktlar yenidən qurulacaq, illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Dəhlizin tam açılması 2028-ci ilə planlaşdırılır.

Güclü ordu – dayanıqlı sülh: Azərbaycanın hərbi potensialının strateji məntiqi

Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn selektiv və bəzən faktiki olaraq işləmədiyi bir şəraitdə dövlətlərin təhlükəsizlik məsələsində əsas təminat mexanizmi öz milli hərbi potensiallarıdır. Azərbaycan da bu reallığı nəzərə alaraq son illərdə müasir silahlar və qabaqcıl hərbi texnologiyalar hesabına müdafiə imkanlarını ardıcıl şəkildə gücləndirmişdir. Bu prosesin əsas məqsədi hərbi eskalasiya deyil, ölkənin suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin etibarlı şəkildə qorunmasıdır.

İkinci Qarabağ müharibəsi bu yanaşmanın hüquqi və siyasi əsaslarını aydın şəkildə ortaya qoymuşdur. Həmin müharibə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın özünümüdafiə hüququnun reallaşdırılması idi. Uzun illər davam edən işğal və nəticəsiz diplomatik proseslər fonunda Azərbaycanın hərbi əməliyyatları BMT Nizamnaməsinə uyğun şəkildə aparılmış və ölkənin ərazi bütövlüyü bərpa edilmişdir. Yaradılmış yeni reallıqlar bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən faktiki olaraq qəbul olunur.

Məhz bu səbəbdən Azərbaycan müharibəni keçmiş mərhələ kimi qiymətləndirir və regionda sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bununla yanaşı, rəsmi Bakı açıq şəkildə bəyan edir ki, davamlı sülh yalnız güclü müdafiə imkanları fonunda mümkündür. Gücsüzlük sülhə deyil, qeyri-sabitliyə və yeni təhdidlərə yol açır.

2024-2025-ci illərdə Azərbaycanda müdafiə sənayesinə 1 milyard dollar investisiya yönəldilib, 2025-ci ildə isə 1,38 milyard AZN-lik məhsul satılıb, o cümlədən 17 ölkəyə 1 milyard manatlıq ixrac həyata keçirilib. Dövlət sifarişləri 97% yerinə yetirilib, hazırda 15 şirkətə lisenziya verilib, onlardan 7-si fəaliyyət göstərir. Özəl sektorun investisiyaları yaxın perspektivdə 1 milyard AZN-i ötəcək, 2026-cı ildə satış həcmi 420 milyon AZN-i keçəcək.

Azərbaycanın müasir nəqliyyat infrastrukturu: Planlar və qarşıda duran vəzifələr

2025-ci il Azərbaycanın nəqliyyat siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə paytaxt Bakı şəhərinin infrastrukturunun modernləşdirilməsi və urban nəqliyyat sisteminin optimallaşdırılması ölkənin uzunmüddətli iqtisadi və sosial inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrildi.

Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi əsasən iki istiqamətə yönəlir: metro şəbəkəsinin genişləndirilməsi və ictimai nəqliyyat sisteminin inkişafı. Metro infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi şəhərdə nəqliyyat sıxlığının azalmasına, hərəkət sürətinin artmasına və ekoloji problemlərin minimuma endirilməsinə xidmət edir. Bu çərçivədə 10 yeni metro stansiyasının tikilməsi, əlavə depo infrastrukturunun yaradılması və mövcud stansiyaların optimallaşdırılması planlaşdırılır. Bu addımlar şəhərin nəqliyyat qovşaqlarını müasir standartlara uyğunlaşdırmaqla, sərnişin axınının rahat və təhlükəsiz idarə olunmasını təmin edəcək.

Prezident bu il yanvarın 6 da yerli televiziya nümayəndələrinə müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu qeyd etməsi ictimai maraq doğurub.

“Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız, – bəlkə hamımız yox, – amma Mirşahin və mən buradan Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik.”

Azərbaycan dili: Milli kimliyin və dövlətçiliyin qoruyucusu

Azərbaycan dili xalqımızı birləşdirən, milli kimliyi və dövlətçiliyi qoruyan əsas amildir. Dilin saflığının pozulması, xarici sözlərin gündəlik danışıq və internet təsiri ilə daxil olması, milli kimliyin zəifləməsi riskini artırır.

Bu səbəbdən Azərbaycan dilinin qorunması həm dövlətin, həm də hər bir vətəndaşın vəzifəsidir. Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn məktəblərin və tədris imkanlarının genişləndirilməsi isə ana dilimizin qlobal miqyasda yaşadılmasına xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan dili, milli kimlik və təhsil məsələlərinə verdiyi önəm xüsusi diqqət çəkir. Dil dövlətçiliyin əsas atributudur və Azərbaycan dövləti öz dilinin qoruyucusudur. 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dili heç vaxt heç bir dilin kölgəsində ola bilməz.

Azərbaycan dili qorunduqca, milli birliyimiz və dövlətçiliyimiz də möhkəm qalacaq.

Torpaq anlayışı: Vətən, birlik və sülh simvolu

Azərbaycan xalqının və dövlətinin ideoloji və emosional məkanında torpaq yalnız fiziki ərazi deyil, eyni zamanda milli birlik, azadlıq və suverenliyin ən mühüm simvoludur. Torpaq anlayışı bizim tariximizdə xalqın mübarizəsi, dövlətimizin möhkəmlənməsi və sarsılmaz birliyi ilə sıx bağlıdır.

Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağın vacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”

Müasir dövrdə torpaq anlayışı həm də quruculuq və sülh dövrünü əks etdirir. İşğaldan azad edilmiş ərazilər artıq yalnız ərazi deyil, həm də milli inkişafın, bərpanın və regionların iqtisadi və sosial həyatına inteqrasiyanın simvoludur. Hər bir azad edilmiş kənd və şəhər Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz hissəsi kimi qəbul olunur. Bu, həm milli kimlik, həm də gələcək nəsillərə ötürüləcək dəyərli mirasdır.

TV1

media-ads_728_90
Paylaş