Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan qazın HƏCMİ
Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 562,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% azalma müşahidə olunub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, qaz nəqlinin 46,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 1 651,5 mln. kubmetr qaz ötürülüb (13,7%-lik azalma olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.