Türkiyə dünyada ədalət və qlobal birlik ideyasına sadiqdir - Fəxrəddin Altun
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel iclası keçirilib.
“TV1” TurkicWorld-a istinadən xəbər verir ki, forum çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun onlayn çıxış edib.
O bildirib ki, Türkiyə dünyada ədalət və qlobal birlik ideyasına sadiqdir:
“Türkiyə olaraq beynəlxalq arenada ədalətin və bütövlüyün qorunmasına önəm veririk. Bizim bu baxışımız qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Son illərdə BMT-nin əsas missiyası və beynəlxalq proseslərə təsiri zəifləyib. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır” – deyə o bildirib.
F.Altun forumun əhəmiyyətini qeyd edib: “Keçirdiyimiz panel müzakirələri müxtəlif baxışları bir araya gətirərək daha güclü dialoq platforması yaratmağı hədəfləyir. Bu forum ədalətli bir dünyanın qurulması istiqamətində inamımızı daha da artırır” – deyə o vurğulayıb.