Bölgədə güclü qar yağır - Bəzi yollarda çətinliklər yaranıb
Fevralın 20-dən etibarən ölkənin dağlıq və dağətəyi rayonlarında fasilələrlə qar yağması müşahidə edilir. Ötən gün axşam saatlarından etibarən qarın yağması daha da intensivləşib, xüsusilə Göyçay, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarında güclü qar qeydə alınıb.
“TV1” xəbər verir ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissələri qarla örtülüb.
Yolun bəzi yerlərində qar örtüyünün hündürlüyü 50-60 sm-ə çatır. Eyni zamanda, Muğanlı-İsmayıllı və İsmayıllı-Lahıc avtomobil yollunda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi yolların qardan və buzdan təmizlənməsi üçün iş aparır. Yola qum-duz qarışığı səpilsə də, yolların tam olaraq təmizlənməsi hələ yekunlaşmayıb. Hazırda bölgədə hava temperaturu mənfi 4 dərəcədir və qar yağmağa davam edir.
Sürücülərə ehtiyatlı olmaları, mümkün olduqda bu istiqamətlərdə hərəkətdən çəkinmələri tövsiyə edilir.