Britaniya Ukraynaya sülhməramlılar və təyyarələr göndərməyə hazırdır - Kir Starmer
Böyük Britaniya Ukraynaya 1,6 milyard funt-sterlinq (1,94 milyard avro) ayıracaq və bununla da Kiyev beş mindən çox hava hücumundan müdafiə raketi alacaq.
“TV1” Sky News-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Kir Starmer Ukrayna üzrə Avropa liderlərinin sammitindən sonra mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu silahlar Şimali İrlandiyanın Belfast şəhərində istehsal olunacaq və Britaniyanın müdafiə sektorunda iş yerləri açılacaq.
Baş nazir həmçinin vurğulayıb ki, bu addım həm də kritik infrastrukturun qorunması və Ukraynanın gücləndirilməsi üçün həyati əhəmiyyət kəsb edəcək.
K.Starmer əlavə edib ki, Böyük Britaniya Ukraynada sülhü təmin etməyə, o cümlədən ora sülhməramlılar və təyyarələr göndərməyə hazırdır.
Qeyd edək ki, ABŞ səfərindən sonra Ukrayna prezidenti Volodimir Zelenski Londona səfər etmişdi. Martın 2-də Londonda Avropa liderlərinin sammiti keçirilib. Sammitdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunub.