Bu gün Cəbrayıl Şəhəri Günüdür

media-ads_728_90

Bu gün Azərbaycanda Cəbrayıl Şəhəri Günü qeyd olunur.

‘’TV1’’ xəbər verir ki, altı il əvvəl, 2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin 8-ci günü Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Dövlətimizin başçısı bildirib: “…Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Möhtəşəm tarixi Zəfər qazandığımız Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz olub.

2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər ediblər və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub, əsgər və zabitlərimiz bu medalla təltif ediliblər. Həmçinin 2023-cü il iyulun 31-də dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Bildirək ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad olunması ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin edilib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması isə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb.

media-ads_728_90
Paylaş