Bu il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı açıqlanıb
Ali məktəblərə 76 mindən çox abituriyent qəbul olunub – Strategiyanın 75 000 hədəfi vaxtından əvvəl yerinə yetirilib, qəbul planı artır.
“TV1” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2026–2027-ci tədris ilində 76 mindən çox abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. Bununla da 2022–2026-cı illər Strategiyasında hər il ali məktəblərə 75 min nəfərin qəbul olunması hədəfi vaxtından əvvəl gerçəkləşdirilib. İlkin nəticələrə görə, planlaşdırılan yerlərin tutulma səviyyəsi 95 faizdən çox olub, bir sıra ixtisaslar üzrə isə 100 faizlik göstərici qeydə alınıb.
Emin Əmrullayev statistik göstəriciləri diqqətə çatdıraraq qeyd edib ki, bakalavriat və əsas tibb təhsili üzrə 64 min 469 yer ayrılıb ki, bu da ötən illə müqayisədə 1444 yer (2,3 faiz) çoxdur. Bu pillədə dövlət sifarişi üzrə yerlərin sayı 30 min 235 (0,9 faiz çox) təşkil edib. Magistratura səviyyəsində isə 18 min 384 yer ayrılıb ki, bu da ötən ilə nisbətən 826 yer (4,7 faiz) artım deməkdir. Magistraturada dövlət sifarişi üzrə yerlərin sayı 7022 olub.
Nazir əlavə edib ki, müəllimlik ixtisasları üzrə 7540 yer ayrılıb ki, bu da 2022–2023-cü illə müqayisədə 3690 yer (32,8 faiz) azdır. Bu dəyişiklik qəbul planının əmək bazarının real tələbatına uyğunlaşdırılması məqsədilə həyata keçirilib.








