Budapeştdə Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib – FOTO/VİDEO - EKSKLÜZİV
Macarıstanın paytaxtı Budapeşt şəhərində Xalq artisti, bəstəkar Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.
“TV1” in əldə etdiyi məlumata görə, Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsert dost ölkənin ən gözəl və qədim zallarından birində – məşhur macar bəstəkarı Ferens List adına Musiqi Akademiyasının konsert zalında keçirilib.
Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov və Musiqili Teatrın solisti, Əməkdar artist Nərgiz Kərimovanı Macarıstanın orkestri müşayiət edib. Nərgiz Kərimova ingilils dilində “Taleyim” mahnısını və “Vokaliz” əsərini ifa edib. Daha sonra bəstəkarın “Tanqo” əsəri tamaşaçıların alqışları ilə qarşılanıb. Eldar Mansurovun digər simfonik əsərləri ilə konsert davam edib.
Konsertdə Macarıstan mədəni mühitinin nümayəndələri, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatlar, Macarıstanda yaşayan həmvətənlərimiz, diaspor nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tamaşaçıların alqışları və böyük coşqu ilə davam edən konsert anşlaqla keçib.
Qeyd edək ki, vaxtilə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərinin Avropanın böyük musiqi zallarında səsləndirilməsindən sonra bu mədəniyyət tədbiri Avropanın mərkəzində son dövrdə baş tutan azsaylı konsertlərdəndir.
Mətanət Əliyeva