Ceyhun Bayramov: Qlobal gərginlik fonunda ölkələrarası əməkdaşlıq təhlükəsizlik üçün mühüm amildir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
“TV1” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir çıxışında artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.
Çıxışda MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən bəhs edən nazir 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycanda keçirilmiş III MDB Oyunları və Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı” çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək edəcəyi bildirilib.
Sonda Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib. Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində uğurlar arzulanıb və Azərbaycan tərəfinin qarşıya qoyulan vəzifələrin həllində lazımi dəstəyi göstərməyə hazır olduğu diqqətə çatdırılıb.
Nazir özünün “X” sosial media hesabında da sözügedən tədbirdəki çıxışı barədə paylaşım edib.
O, qeyd edib ki, tədbirdə qlobal qeyri-sabitliyin artdığı bir şəraitdə qarşılıqlı faydalı ticarət, iqtisadi və humanitar əməkdaşlığımızın genişləndirilməsi məsələlərinə diqqət yetirilib, beynəlxalq hüquqa ciddi riayət olunmasını regional sabitliyin təməli kimi vurğulanıb.
“Azərbaycanın liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsinə genişmiqyaslı investisiyalar yatırmaqla regional bağlantılılığın inkişafına verdiyi töhfələri qeyd etdim. Bu investisiyalar Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarının və dayanıqlılığının davamlı şəkildə artırılmasına xidmət edir.
Çoxtərəfli tərəfdaşlıqlarımızı real iqtisadi artıma, etibarlı tranzit şəbəkələrinə və xalqlarımız üçün uzunmüddətli təhlükəsizliyə çevirmək istiqamətində fəaliyyətimizi tam qətiyyətlə davam etdirəcəyik”, – paylaşımda qeyd olunub.
Pleased to participate and address the CIS Council of Foreign Ministers meeting in Awaza during my working visit to Turkmenistan.
We focused on expanding our mutually beneficial trade, economic, and humanitarian cooperation amidst growing global turbulence, emphasizing strict adherence to international law as the foundation of regional stability.
I highlighted Azerbaijan’s contributions to regional connectivity through our large-scale investments in port and railway modernization, consistently driving the capacity and resilience of the East-West and North-South transport corridors.
We remain fully committed to translating our multilateral partnerships into tangible economic growth, reliable transit networks, and long-term security for our peoples.
#CIS #Azerbaijan
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 7, 2026








