Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb
2026-cı il oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4 010 nəfər qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs vardır. Bu rəqəmlər faciənin miqyasını göstərir. Bizim vəzifəmiz isə hər bir insanın taleyinə aydınlıq gətirməkdir.
“TV1” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
Xidmət rəisinin sözlərinə görə, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası axtarışlar üçün yeni imkanlar yaradıb. Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların yerlərinin müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib.
İtkinlərin yaxın qohumlarından, ümumilikdə 11 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Həmin məlumatlar şəxsiyyətin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm bazadır.
“2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır. Həmin nəticələr Prezident İlham Əliyevin xüsusi diqqəti, dövlət səviyyəsində aparılan sistemli iş və mütəxəssislərimizin əməyi sayəsində əldə edilib. Hər bir eyniləşdirmə bir ailənin illərlə cavabsız qalmış sualına cavabdır. Ailələrlə həssas ünsiyyət, onların müntəzəm məlumatlandırılması və dəstəklənməsi də işimizin ayrılmaz hissəsidir”, – deyə general-polkovnik Əli Nağıyev bildirib.








