Ərdoğanın Ukrayna müharibəsinin dondurulması ilə bağlı PLANI - Bu tarixdə açıqlanacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsinin dondurulması ilə bağlı plan hazırlayıb.
“TV1” bu barədə “Deutsche Welle”yə istinadən xəbər verir.
Həmçinin, “Bloomberg“ Agentliyinin yazdığına görə, Ərdoğan yeni planı noyabrın 18-də Rio-de-Janeyroda keçiriləcək G20 sammitində açıqlamağı planlaşdırır.
Agentlik mənbələrinə istinadən yazır ki, Ərdoğanın yeni planı “Putinin güzəştlərinin qarşılığında” Kiyevin razılığını nəzərdə tutur. Hansı ki, bu, Ukraynanın NATO-ya daxil olmasını minimum 10 il təxirə sala bilər. Bütün bunlara kompensasiya olaraq, Türkiyə Prezidenti Ukraynanı hərbi texnika ilə təchiz etməyi təklif edir.
Ərdoğan həmçinin, Donbasın şimalında demilitarizasiya zonası yaratmağı və həmin zonada əlavə qarant olaraq beynəlxalq hərbçilərin yerləşdirilməsini də təklif edir.
“Bloomberg“ Agentliyinə danışan türkiyəli məmurlar bildiriblər ki, Ukrayna üçün belə bir təklifi qəbul etmək çətin olacaq. Onlar həmçinin onu da qeyd ediblər ki, bu plan və təkliflər çox real yanaşmadır.
“Bloomberg“ yazır ki, türkiyəli məmurlar işğal olunmuş ərazilərlə bağlı diskussiyaları uzun bir zaman kəsimində təxirə salmağı və hazırda stabil atəşkəsə nail olmağın vacib olduğunu məqsəduyğun hesab ediblər.
Qeyd olunur ki, Ərdoğan ümid edir ki, Ukrayna Prezidentini bu məsələlərlə bağlı İstanbulda danışıqlarda iştirak etməyə razı sala biləcək.
“Bloomberg“in mənbələrinin iddiasına görə, Türkiyə lideri “əgər döyüşlər davam edərsə, Ukraynanın yaxın aylarda daha çox ərazilər itirəcəyinə dair kəşfiyyat məlumatları” alıb.
Sözügedən məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O qeyd edib ki, bu məsələlərlə bağlı Rusiya hökuməti hər hansı məlumata mailk deyil və bununla bağlı müzakirə aparılmayıb: “Döyüş bölgəsində hərbi əməliyyatların dondurulması məsələsi hazırki şəraitdə Rusiya üçün məqbul deyil”.