FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub

media-ads_728_90

Oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

“TV1” xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları FHN Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra FHN Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.

Daha sonra FHN Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir təhsilin ölkənin uğurlu inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini bildirib.

Kəmaləddin Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının əhəmiyyətindən söz açıb, dövlətimizin başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin yüksəkixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın millətin işıqlı sabahına xidmət etdiyini bildirib.

Kəmaləddin Heydərov dövlətimizin başçısının diqqət və qayğısı sayəsində akademiyanın qısa müddətdə müasir maddi-texniki bazaya, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik ali təhsil müəssisəsinə çevrildiyini qeyd edib, yüksəkixtisaslı kadr hazırlığı sahəsində görülən işlərdən və aktual məsələlərə dair həyata keçirilən beynəlxalq layihələrdən danışıb.

Nazir çıxışının sonunda akademiyaya yeni qəbul olunmuş kursantlara və təhsilini uğurla başa vuraraq zabit rütbəsi ilə nazirlik sistemində xidmətə başlayacaq məzunlara ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması kimi şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Sonra çıxış edən valideyn İntiqam Abdullayev məzun və kursantları valideynlər adından təbrik edərək, onlara uğurlar arzulayıb, akademiyada yaradılmış yüksəksəviyyəli şəraitə görə təşəkkür edib.

Daha sonra mərasim FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid Talıbov akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

FHN Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

media-ads_728_90
Paylaş