Fransa Ukraynanın qış dövrünə hazırlıq görməsinə dəstək verəcək
Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün yeni tədbirlər açıqlayıb. Makron bildirib ki, Fransa Ukraynanın qarşıdan gələn qış dövrünə hazırlıq görməsinə dəstək verəcək.
“TV1” xəbər verir ki, bu haqda Fransa Prezidenti sosial şəbəkədə yazıb. Bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri milyonlarla ailənin istilik və elektrik enerjisindən məhrum qalması təhlükəsini yaradır. O, bu məsələdə Fransanın və G7-nin Ukraynaya dəstək verəcəyini deyib.
Makron Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi çərçivəsində radarların tədarükü üzrə müqavilənin imzalanacağını, həmçinin raketlərin veriləcəyini açıqlayıb. Fransa və İtaliya daha əvvəl də Ukraynaya SAMP/T sistemləri, radarlar və “Aster 30” raketlərinin tədarükü ilə bağlı planlarını açıqlamışdı.
Makron, həmçinin ABŞ Prezidenti Donald Trampla Ukraynaya əlavə müdafiə dəstəyi məsələsini müzakirə etdiyini bildirib. Tərəflər enerji obyektlərinə zərbələrin dayandırılması və Qara dənizdə moratorium perspektivini də nəzərdən keçiriblər.
Fransa Prezidenti qeyd edib ki, bu məsələlər davam etdirilməsi nəzərdə tutulan danışıqların gündəliyində olacaq və məqsəd ədalətli və davamlı sülhə nail olmaqdır.








