Geosiyasi dialoqun yeni üfüqləri - Azərbaycan Avropanın əsas enerji və tranzit mərkəzi kimi
Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (European Political Community – EPC) 9-cu Zirvə toplantısı keçiriləcək. Bu toplantı Avropanın siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır. “Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2028-ci ildə bu platformanın növbəti sammitinə Bakı ev sahibliyi edəcək. Bu, Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunu ön plana çıxarır. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısından bu platformaya dəvət alması Azərbaycanın Avropa üçün əhəmiyyətinin göstəricilərindən sayılır. 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən ilk toplantıda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın yeni yaradılmış bu siyasi platformanın fəaliyyətində ilk mərhələdən təmsil olunduğunu göstərir. Zirvə toplantıları çərçivəsində Prezident İlham Əliyevlə Avropa İttifaqının, ayrı-ayrı Avropa dövlətlərinin rəhbərləri arasında müxtəlif formatlarda təmaslar və görüşlər olub. Bu görüşlərdə enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
9-cu Zirvə toplantısı “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusu ətrafında 50-yə yaxın dövlət və hökumət başçısını bir araya gətirərək qitənin üzləşdiyi çağırışların geniş platformada müzakirəsini nəzərdə tutur. Praqada keçirilən ilk Sammitdən başlayaraq enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, miqrasiya, nəqliyyat, innovasiya və müdafiə məsələlərini əhatə edən ASB gündəliyi Azərbaycanın Avropa məkanında açıq siyasi dialoqu və qarşılıqlı məsləhətləşmələri dəstəkləyən yanaşması ilə tam uzlaşır. Ölkəmiz üçün 9-cu Zirvə toplantısı milli maraqların Avropa liderləri səviyyəsində təqdimatı və tərəfdaşlarla birbaşa təmasların inkişafı baxımından mühüm platformadır.
Müasir dövrdə rəqabətqabiliyyətli Avropanın qurulması texnoloji innovasiyalarla yanaşı, enerji resurslarının etibarlı təchizatından, səmərəli nəqliyyat infrastrukturundan və dayanıqlı təchizat zəncirlərindən asılıdır. Prezident İlham Əliyevin Davosda, Münxendə və digər beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin məhz qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkili, eləcə də Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Bakıya səfərləri Azərbaycanın etibarlı tərəfdaş kimi artan nüfuzunun göstəricisidir. 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos, 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Azərbaycana səfər edərək dövlətimizin başçısı ilə danışıqlar aparıblar.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti ilk növbədə enerji təhlükəsizliyinə əsaslanır. 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında imzalanmış strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu və Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz bu gün Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Eyni zamanda, Xəzər dənizinin külək enerjisi potensialı, Günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. 2026-cı ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclaslarında 27 tərəfdaş hökumətin, 60 beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı Azərbaycanın bu sahədə aparıcı əməkdaşlıq mərkəzi olduğunu təsdiqləyir.
Nəqliyyat-logistika sahəsində Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı kimi əhəmiyyətini artırır. Çindən və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyəyə və Avropaya uzanan Orta Dəhlizin potensialının tam reallaşdırılması Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu infrastrukturunun, Naxçıvan dəmir yolu bağlantısının inkişafı, həmçinin sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və gömrük sistemlərinin rəqəmsallaşdırılması ilə dəstəklənir. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində Azərbaycanda səfərbər edilmiş investisiyaların həcminin 130 milyon avronu ötməsi bu tərəfdaşlığın konkret nəticələrindəndir.
“Avropa Siyasi Birliyi”nin gündəliyində təhlükəsizlik məsələləri, o cümlədən Ukrayna-Rusiya müharibəsinin davam etməsi, hibrid və kibertəhdidlər, mühüm infrastrukturun qorunması xüsusi yer tutur. Azərbaycan üçün təhlükəsizlik gündəliyinin əsas prioriteti Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın təmin olunmasıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi regionun beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrə inteqrasiyasına, həmçinin Avropa ilə Asiya arasında yeni layihələrin reallaşdırılmasına əlverişli şərait yaradır.
Bununla yanaşı, Mərkəzi Asiya, MDB məkanı və İslam dünyası ilə əlaqələrin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətləridir. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşündə Azərbaycanın platformaya tamhüquqlu iştirakçı statusunda qoşulması, 2026-cı il oktyabrın 15-də isə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında sədrliyimizin 2028-ci ilədək uzadılması ölkəmizin dialoq və etimad quruculuğuna verdiyi töhfənin göstəricisidir. AQEM-ə sədrliyin davam etdirilməsi, İƏT-ə rəhbərlik və 2028-ci ildə ASB Sammitinə ev sahibliyinin eyni dövrə təsadüf etməsi Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə əlaqələrini vahid diplomatik məkanda uzlaşdırmaq imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin 2026-cı ilin mayında ASB-nin İrəvan Sammitində videobağlantı vasitəsilə etdiyi çıxış bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Azərbaycanın sammitlərdən birinin ölkəmizdə keçirilməsi təşəbbüsünün qəbul olunduğunu bildirməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş irəliləyişlərə və sülhün əhəmiyyətinə toxundu. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, davamlı sülhün möhkəmlənməsi əldə edilmiş razılaşmaların ardıcıl icrasını, qarşılıqlı etimadın gücləndirilməsini və praktiki əməkdaşlığın genişləndirilməsini tələb edir. Bu prosesin uğuru regionun beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrə inteqrasiyasına da müsbət təsir göstərə bilər.
Cənubi Qafqazda sülhün möhkəmlənməsi Avropa ilə Asiya arasında bağlantıların inkişafı, regional ticarətin genişlənməsi və yeni iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli şərait yarada bilər. Azərbaycan üçün regional sülh məsələsi yalnız siyasi münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Bu, həm də ölkəmizin nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq sahələrindəki strateji prioritetlərinin reallaşdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin növbəti Sammitinə ev sahibliyi edəcək. Bu, ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələdir. Avropanın təhlükəsizlik, enerji təchizatı, iqtisadi rəqabətqabiliyyətliliyi və nəqliyyat bağlantıları ilə bağlı prioritetləri ölkəmizin xarici siyasətinin əsas istiqamətləri ilə bir sıra sahələrdə üst-üstə düşür. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Xəzər üzərindən inkişaf etdirilən bağlantılar və Cənubi Qafqazda davamlı sülhün təmin olunması Avropa ilə əməkdaşlığın həm iqtisadi, həm də geosiyasi əsaslarını təşkil edir. Bakıda keçiriləcək “Avropa Siyasi Birliyi”nin Sammiti isə bu dialoqun daha geniş siyasi platformaya daşınmasına şərait yaradacaq.
Mətanət Əliyeva








