KİV: Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq, Müstəqillik Bəyannaməsinə istinad sənəddən çıxarılacaq

media-ads_728_90

Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağı yeni Konstitusiya layihəsinin gələn həftə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hakim partiyanın qapalı iclasındakı müzakirələrin yekunlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasında yeni Konstitusiya layihəsinin bir sıra müddəaları ilə bağlı müzakirələr davam edir. Müzakirə olunan məsələlərdən biri də ölkədə andlı iclasçılar institutunun tətbiqidir.

Qəzet yazır ki, bu təşəbbüs hakim komanda daxilində fikir ayrılığına səbəb olub və partiyanın idarə heyətinin qapalı iclasında iştirakçıların əksəriyyəti Ermənistan kimi ictimai münasibətlərin sıx olduğu ölkədə belə bir sistemin tətbiqinin ciddi problemlər yarada biləcəyini bildirib.

Nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyan isə bu yanaşma ilə razılaşmayıb. O, keçmiş prezident Robert Koçaryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın məhz xalqın tələbi ilə həbsdə olduqlarını xatırladaraq, ölkədə andlı iclasçılar institutunun faktiki olaraq artıq mövcud olduğunu, sadəcə onun institusional əsasda rəsmiləşdirilməsinin lazım gəldiyini bildirib.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

media-ads_728_90
Paylaş