"Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq - "Bakı Metropoliteni"
Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında inşa olunan dalanın bu ilin oktyabr ayının sonu-noyabr ayının əvvəllərində tam istifadəyə verilməsi nəzərdə tutulur.
“TV1” xəbər verir ki, bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, stansiyada dalan infrastrukturu faktiki olaraq tam sökülərək yenidən inşa olunur:
“İçərişəhər” və “Xətai” stansiyalarındakı dönmə kameraları qatarların hərəkətinin operativliyini, intervalın minimum səviyyədə saxlanılmasını və ümumi dayanıqlılığı təmin edir. “Həzi Aslanov” stansiyasında yaradılan yeni dalan da eyni funksiyanı yerinə yetirəcək. Bundan əlavə, o, qatarların kiçik həcmli texniki təmir işlərinin həyata keçirilməsi üçün də mühüm imkan yaradacaq”.
B.Məmmədov bildirib ki, tikinti işləri artıq yekunlaşmaq üzrədir: “Faktiki olaraq köhnə dalan tam sökülərək yenidən qurulub. Hazırda yol təsərrüfatının qurulması, eləcə də kommunikasiya xətlərinin və digər zəruri sistemlərin quraşdırılması sürətlə davam edir. Planımıza əsasən, dalan oktyabrın sonu – noyabrın əvvəlində tam istifadəyə veriləcək”.
O vurğulayıb ki, layihənin başa çatması ilə qatarlar artıq son dayanacaq kimi “Əhmədli” deyil, “Həzi Aslanov” stansiyasına qədər hərəkət edəcək.








