Həzi kişinin sərgüzəştləri - II Yazı (verdiyin tərbiyəyə şükür)
Həzi kişinin çox sərgüzəştləri var. Duzlu-məzəli, acılı-şirinli xeyli illər yaşayıb, ömür sürüb. Xoşbəxt insan olub, əməllərinin el-obaya gün kimi aydın olması, insanlara yararlı olması və onu tanıyanların qəlbində, yaddaşında özünə “yuva” qurması idi xoşbəxtliyi.
Heç kimin qəlbinə toxunmazdı. Hətta öz uşaqlarını belə görmədiyi, dəqiq bilmədiyi bir şeyə görə, kiminsə sözü ilə nə danlayar, nə tənbeh edər, nə də günahlandırardı. Hər şeyin kökünə, dərinliyinə baş vurar, aydınlaşdırdıqdan sonra qərarını verərdi.
Bu insani keyfiyyət ona çox hörmət qazandırmışdı. Hamı onu ədalətli bir insan kimi tanıyırdı. Ona görə də eldə-obada onun yanına məsləhətə gələnlərin sayı həddən artıq çox idi. Heç kimi “əliboş” yola salmazdı. Söz boxçası zəngin, şəffaf və aydın idi. Hamıya düz yol göstərər, hər bir işdə xeyir-dua verərdi. İncə qəlbli, könüllərə toxunmayan bu insanın sözü düz üzə deməyini də hamı bilirdi və buna artıq vərdiş etmişdilər. Heç nə gözündən yayınmazdı.
Çox güclü müşahidə qabiliyyəti var idi. Müşahidə etdiyi səhv bir addıma ağsaqqal düşüncəsi və müdrik baxışı ilə dərhal reaksiya verərdi. Acı sözü, həqiqəti adama elə ustalıqla deyərdi ki, qarşısındakı adam cınqırını belə çıxarmazdı. Kimisə yalandan nə tərifləyər, nə də tənqid edərdi.
Həzi kişinin evinin qarşısından maşın yolu keçirdi. Yolun o biri tərəfi geniş, boş bir ərazi idi. Kənarlarda boy-boya vermiş salxım söyüd və çinar ağacları ətrafa gözəllik verirdi. Düzdür payız, qış aylarında oralarda ins-cins görünməzdi. Amma elə ki, yaz günəşinin şəfəqləri yeri-göyü isitməyə başladı həmin ərazi dönərdi uşaqların futbol, voleybol və digər müxtəlif oyunlar oynadığı meydançaya, böyüklərin isə “hap-gap”- söhbət yerinə.
…Elə-obaya bahar gəlmişdi, insanlara Novruz sevinci gətirmişdi. Ağaclar tumurcuqlamağa, libaslarını yaşıllandırmağa başlamışdı. Adamlar da qış libasını dəyişirdi. Həzi kişinin evinin qarşısındakı o palçıqlı, bom-boz yer gömgöy dona girmişdi. Elə bil yer də, göy də sevinir, ora toplaşanlar isə bu sevinci ürəkdolusu yaşayırdılar. Uşaqlar öz kefində idi. Böyüklər yenə ənənəyə sadiq qalaraq Həzi kişinin başına toplaşmışdılar. Yenə danışdığı duzlu-məzəli söhbətlərlə hamını ovsunlamışdı. Dünyanın gərdişindən danışırdı. Amma qəfildən ağzındakı sözünü yarımçıq saxlayan qoca kənardan keçən bir nəfərə əl elədi. Onun “ay qonşu, ay qonşu, zəhmət olmasa bir ayaq saxla, əziyyət deyilsə, bura gəl” – deməsi ilə hamının diqqətini o tərəfə yönəltdi. Çağırışdakı kinayəni və kiçik qəzəbi hər kəs hiss elədi. Doğrudan da yaxınlaşan adam Həzi kişinin illərdi ki, qonşusu idi, özü də oxumuş, təhsilli bir adamdı. Həmin şəxs ağsaqqallara yaxınlaşanda Həzi kişi ondan soruşdu:
– A bala, sənin adın nədir?
Sualdan özünü itirən adam:
-A kişi, biz dədə-babadan qonşuyuq, mənim adımı bilmirsən bəyəm, yoxsa, məni ələ salırsan?
Həzi kişi:
– Yox, bala, unutmamışam. Sən özün adını yaddan çıxarmamısan ki?
Qonşu qəzəbli halda:
– Adımı niyə yaddan çıxarıram? Bilmirsən ki, adım Əlisoltandır?
Həzi kişi:
– Bilirəm oğul, bilirəm. Maşallah ayaqqabıların kimi ikimərtəbəli adın var – Əlisoltan. Yəni, Əli və Soltan. De görüm, hələ sən bir adda daşıdığın bu iki adın nə qədər böyük məna və mənəvi yük daşıdığını bilirsən? Niyə adına, ziyalılığına hörmət qoymursan? Niyə qohum-qonşunun yanından salam-kəlamsız keçirsən? Yoxsa, bizi özünə yaraşdırmırsan? Maşallah üz-gözündən, üst-başından “yağ” damır. Hər gün elə bil “kraxmallanıb” çıxırsan. Ona görə sənə “kraxmal Əlisoltan” deyirlər. Səliqə-sahmanına söz ola bilməz. Ayaqqabıların toza, palçığa batmasın deyə ayaqqabının üstündən qaloş geyinirsən. El-oba səni həm də “qaloş Əlisoltan” kimi çağırır. Bəzək-düzəyinə söz ola bilməz. Savadın var, biliyin var, diplomun var. Amma adamlığın yoxdur. Salam vermək ən böyük mədəniyyətdir. Salam Allahın salamıdır. Adını da ziyalı qoymusan… Bəs bu uşaqlar səndən nə tərbiyə götürəcək? Bir qabiliyyətin olsun. Sənin atan yerində insanlar oturub burada. Gələndə-gedəndə onlara bir salam ver, hal-əhval tut. Salam insanlar arasında yaranan münasibət mədəniyyətinin əlifbasıdır. Bəs bunu sənə oxuduğun məktəblərdə başa salmayıblar?
Ziyalını elə bil don vurmuşdu. Həzi kişinin qarşısında heykəl kimi üzü-gözü pörtmüş halda dayanmışdı. Çırtma vursaydın şar kimi partlardı…
Kəlmə kəsmədən başını aşağı salıb, xəcalətli adam kimi oradan uzaqlaşdı. Əlisoltan iki ay gözə görünmədi. Amma sonralar üzünə daim təbəssüm qonduran Əlisoltan müəllim qarşısına çıxan hər kəslə çox səmimi görüşərək salamlaşır, hal-əhval tutur, hətta hər bir işdə köməkdarlığını təklif edirdi. Eşidən-bilən də Həzi kişiyə “bərəkallah” deyib zarafatla (verdiyin tərbiyəyə şükür) söyləyirdilər…
Akif Təvəkküloğlu, əməkdar jurnalist








