"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra bilər.
“TV1” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Moskva qaz tədarükünün dayandırılmaması üçün Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında bir sıra tələblər irəli sürüb.
Bildirilir ki, tələblərdən biri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası məsələsinin müzakirəsindən imtina edilməsidir.
Digər tələb Rusiyanın iştirakı olan şirkətlərə, o cümlədən dəmir yolu və “Qazprom”a qarşı tədbirlərin dayandırılması ilə bağlıdır.
“Hraparak”ın yazdığına görə, Moskva həmçinin Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasını tələb edir. Qəzet bu məsələdə ya Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun ləğv edilməsinin, ya da bu məsələ üzrə referendum tarixinin elan olunmasının tələb edildiyini bildirir.
Məqalədə digər tələb kimi Ermənistan hakimiyyətinin Rusiyanın Rusiya yönümlü hesab etdiyi siyasətçilərə qarşı təqibləri dayandırmasının göstərildiyi qeyd olunur.
Bundan əlavə, qəzet hökumətdə Rusiya üçün məqbul olan Baş nazir müavininin təyin edilməsinin də tələblər sırasında olduğunu yazır.
“Hraparak” Ermənistanın hökumət dairələrindən məlumatı dəqiqləşdirməyə çalışdığını, lakin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sorğuya cavab vermədiyini bildirib.








