İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur
Qərbi Azərbaycan İcması Ermənistanda bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin diplomatik missiyalara və beynəlxalq təşkilatlara ünvanladığı, 2020-ci ildən əvvəlki ritorika və hekayətləri xatırladan müraciəti kəskin şəkildə pisləyir.
“TV1” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda müraciət müəlliflərinə xatırladılıb ki, orada qeyd edilən “işğal”, “soyqırımı”, “etnik təmizləmə”, “güc tətbiq edilməsi”, “tarixi-mədəni irsin dağıdılması və başqa xalqların adına çıxarılması” məhz son 30 il ərzində Ermənistanın Azərbaycana qarşı yürütdüyü dövlət siyasətinin tərkib hissəsi olub.
“Azərbaycan hətta işğala son qoyulduqdan sonra belə, onun yaratdığı kütləvi dağıntıların, mina təhlükəsinin, itkin düşmüş şəxslərlə bağlı problemin və digər fəsadların təsirindən tam olaraq xilas ola bilmir.
Bəyanat müəlliflərinə həm də onu xatırladırıq ki, Ermənistanın Azərbaycanı ittiham edib özünün dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur. Biz, Qərbi azərbaycanlılar, Ermənistan ərazisində dağıdılan və başqa xalqların adına çıxarılan tarixi-mədəni irsimizi, o cümlədən Göy məscidi, Sərdar sarayını və Dədə Ələsgərin məzarını, habelə alban-xristian irsimizi heç vaxt yaddan çıxarmayacağıq.
Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətini sülh və normallaşma ilə tam ziddiyyət təşkil edən belə açıqlamalara və fəaliyyətə imkan verməməyə, cəmiyyəti sülhə hazırlamağa, erməni cəmiyyətini isə “Bəlkə də qaytardılar” xülyasından və revanşizmdən əl çəkməyə çağırır”, – deyə bəyanatda qeyd olunub.








