media-1200x100-50faiz

 Əməkdar jurnalist Akif Təvəkküloğlu yazır: İllərin xoş sədası

media-ads_728_90

                                                            İllərin xoş sədası

Bu ilimizin də səhərləri üzümüzə xoş müjdələrlə açılır. Hər gün inkişaf edən, yüksələn, ucalan, qüdrətlənən Azərbaycanımızın isti nəfəsi 30 il üşüyən, sızlayan xalqımızın ürəyini, qəlbini isidir, yaşadır, xoşbəxt edir. 30 il həsrət içində olan xalqımız beş ildir ki, həyata keçən arzularının sevinci ilə yaşayır. Yeni həyatın, yeni dövranın, yeni növrağın mübarək, əziz Vətənim, əziz Xalqım! 44 günlük Vətən müharibəsi düşmənin belini qırdı. Amma qamətimizi dikəltdi, ruhumuza sığal çəkdi, səsimizi ucaltdı, haqqın-ədalətin nə olduğunu bir daha dünyaya bəyan etdi. Xalqımıza saysız- hesabsız sevinc və xoşbəxtlik bəxş edən müdrik siyasəti, dönməz qətiyyəti, cəsarəti, yüksək sərkərdəlik məharəti və dəmir yumruğu ilə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev oldu. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu erməni faşizmi üzərində qələbə çalaraq işğal altında olan torpaqlarımızı geri qaytardı. Ermənilər tərəfindən otuz ildə dağıdılmış, xarabalığa çevrilmiş kənd və şəhərlərimiz indi gülüstüna çevrilir. İndi xalqımız son illərin hər gününün xoş sədalarını yaşayır.

30 il bahar həsrətli torpaqlarımız indi hər səhərini yaz təravəti ilə açır. 30 il əsl sahiblərinin nəfəsini, səsini duymayan torpaqlarımız yenidən dirçəlir, abadlaşır, öz sakinlərinə sevinclə qucaq açır.

30 il toy-bayrama həsrət torpaqlarımızda indi çal-çağır sədaları ucalır, bayrama bayramlar qatılır, toy-düyünlər təşkil olunur, yeni ailələr qurulur, körpələr dünyaya gəlir.

İndi azad torpaqlarımızda dünyanı heyran qoyan tikinti-quruculuq işləri aparılır. Gəlib-görən bu möhtəşəmliyi, bu cah-cəlalı yaradana əhsən deyir. Qarabağımızda həyata keçirilən tədbirlər, yaradılan gözəlliklər, baş verən yeniliklər və möhtəşəmliklər qarşısında söz də acizdir. Onu görmək lazımdır.

İndi uşaqdan böyüyə, cavandan qocaya, qadından kişiyə hamı sevinir. Azərbaycana dost olan, onu sevən, səsinə səs verən hər kəs sevinir. Bu sevinc əbədi sevincdir. Mübarək olsun!

Akif Təvəkküloğlu Əməkdar jurnalist 

 

media-ads_728_90
Paylaş