Laçında hərbçilərin həlak olması ilə bağlı araşdırma aparılır
Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun – Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
“TV1” xəbər verir ki, bu barədə Azərtac-a Respublika Hərbi Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allah hərbçilərimizə rəhmət eləsin!