Mertsin partiyasının ofisi daşqalaq edilib
Naməlum şəxslər Almaniyanın kansleri Fridrix Mertsin federal sədri olduğu Xristian-Demokrat İttifaqının (XDİ) Hessen federal torpağının Offenbax şəhərində yerləşən ofisinin binasına daş atıblar.
“TV1” xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, insident bazar ertəsi saat 00:40 radələrində baş verib. Hücum nəticəsində bir neçə pəncərə sındırılıb. Dəymiş ziyanın 6 min avro olduğu qiymətləndirilir. İstintaqın ilkin məlumatına görə, hücumdan dərhal sonra tünd rəngli geyimdə olan bir neçə nəfər hadisə yerindən qaçıb.
Polis hadisənin siyasi motivli olduğunu ehtimal edir. Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, hadisəyə görə məsuliyyəti öz üzərinə götürən məktubun olduğu barədə də məlumat var. İnsidentlə bağlı araşdırma dövlət təhlükəsizliyi şöbəsinə həvalə edilib.
Hücum Almaniyada daxili siyasi böhranın dərinləşdiyi bir vaxtda baş verib. Daha əvvəl kansler Fridrix Mertsin rəhbərlik etdiyi XDİ/XSS mühafizəkar bloku Berlin və Meklenburq-Ön Pomeraniya əyalətlərində keçirilən regional seçkilərdə ciddi məğlubiyyətə uğrayıb.








