Milli mətbuatımızın yaranmasından 150 il ötür
Azərbaycan Milli mətbuatının 150 illik yubileyidir.
XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdü.
Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdi. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar. “Əkinçi” qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının “Ziya” (1879–80), “Ziyayi-Qafqaziyyə” (1880–84) və “Kəşkül” (1883–91), XX əsrin ilk illərində isə Məhəmməd Şaxtaxtinskininn “Şərqi-rus” (1903–05) qəzeti nəşr olunub. Azərbaycan mətbuatı tarixində 1918–20-ci illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi ölkəmizin canlı salnaməsinə çevrildi.
İki il ərzində ölkədə 100-ə yaxın adda qəzet və jurnal nəşr olundu. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, eyni zamanda ideya-məzmun zənginliyində idi. Həmçinin 1918–20-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzeti də öz dəst-xəttilə seçilib. Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında “Molla Nəsrəddin”in təbliğ etdiyi dərin demokratizm və azalıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, XIX əsrin sonları-XX əsrin əvvəllərinin bütün dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edib.Azərbaycan Xalq Demokratik Cümhuriyyəti süquta uğradıqdan sonra mətbuatımız sosializm ideologiyasının təzyiqlərinə məruz qalsa da, hər halda öz milliyini qoruyub saxlamağı da bacarmışdı. Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə baş qaldıran Milli Azadlıq Hərəkatında və dövlətçiliyimizin bərpasında milli mətbuatımızın da müstəsna ximətləri olmuşdur.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və ifadə azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdu. Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edildi, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirildi.
Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı.
Vətən müharibəsində qələbəmizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edir.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Respublikamızda son dövrlər keçirilən beynəlxalq media forumları respublikamızın söz və mətbuat azadlığına nə qədər həssas yanaşdığnı bir daha nümayiş etdirir.
TV1 komandası olaraq həmkarlarımızı yubiley münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar diləyirik.
Mətanət Əliyeva