Nazir: TDT-nin beynəlxalq rolu üzv ölkələr arasında əməkdaşlığın inkişafı üçün əsas yaradır

media-ads_728_90

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirlərinin 3-cü iclası keçirilib.

“TV1” xəbər verir ki,  bu barədə  Ədliyyə Nazirliyi  məlumat yayıb.

Qeyd olunub ki, tədbirdə TDT-yə üzv dövlətlərin ədliyyə nazirləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

İclasda TDT-yə üzv dövlətlərin ədliyyə qurumları arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və digər maraq doğuran məsələlərdən bəhs edilib.

Azərbaycan ədliyyə naziri Fərid Əhmədov iclasda çıxış edərək TDT-nin beynəlxalq proseslərdə artan rolunu vurğulayıb, ortaq tarix, mədəniyyət və dəyərlərin türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm əsas yaratdığını bildirib.

Ədliyyə sahəsində TDT çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıqdan danışan ədliyyə naziri Azərbaycanın təşəbbüsü ilə məhkəmə ekspertizası qurumlarının şəbəkəsinin yaradıldığını və bu ilin yazında Bakıda həmin şəbəkənin ilk toplantısının keçirildiyini qeyd edib.

Ədliyyə naziri TDT çərçivəsində mülki sahədə hüquqi yardım haqqında ilk çoxtərəfli müqavilə layihəsinin razılaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Fərid Əhmədov həmçinin məhkəmə qərarlarının icrası və ədliyyə sahəsində rəqəmsal transformasiya ilə bağlı təşəbbüslər irəli sürüb. Nazir bu təşəbbüslərin TDT çərçivəsində ədliyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, praktiki əlaqələrin gücləndirilməsinə və rəqəmsallaşmaya xidmət edəcəyini bildirib. Həmin təşəbbüslər dəstəklənib və onların həyata keçirilməsi üzrə konkret tədbirlər iclasın sonunda imzalanan Birgə Bəyannamədə öz əksini tapıb.

İştirakçılar TDT-yə üzv dövlətlərin ədliyyə nazirliklərinin 4-cü iclasının Qırğız Respublikasında keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 1-ci iclası 2024-cü ildə Astanada, 2-ci iclas isə 2025-ci ildə Bakıda keçirilib.

media-ads_728_90
Paylaş