Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq
Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi vəziyyətin transformasiyasında təməl daşı olacaq.
“TV1” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Ermənistan-Britaniya biznes-forumu 2026″da bildirib.
“Aydındır ki, Ermənistan və regionumuz Bakı ilə İrəvan arasında sülhün bərqərar olması və bundan irəli gələn hadisələrlə bağlı transformasiya mərhələsindədir. Hazırda biz nəinki Ermənistanda, həm də bütün regionda iqtisadi vəziyyətin dəyişməsində, sözsüz ki, təməl daşı olacaq TRIPP layihəsinin işə salınması üzərində hər gün işləyirik”, – o qeyd edib.
N.Paşinyan həmçinin ümidvardır ki, yaxın gələcəkdə TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədi açılacaq, həmçinin ölkənin Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsi bərpa olunacaq.








