Pentaqondan xəbərdarlıq: Biz dözməyəcəyik
“ABŞ bölgədə xidmət edən əsgərlərimizə qarşı hücumlara dözməyəcək”.
“TV1” “CNN”ə istinadən xəbər verir ki, bunu İraqdakı Amerika bazasına edilən hücuma münasibət bildirən ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.
İraqdakı Ayn Əl-Əsəd bazasına edilən hücumda bəzi ABŞ əsgərlərinin yaralandığını xatırladan Ostin bildirib ki, hücumun arxasında İranın dəstəklədiyi şiə qrupu dayanıb:
“Lakin istintaq davam etdiyi üçün bu mərhələdə konkret bir qrupun adını çəkməyəcəm”.
Ostin Yaxın Şərqdəki hərbi varlıqlarını son vəziyyətə uyğun olaraq yenidən təşkil etdiklərini vurğulayaraq, İsrail və Amerika əsgərlərinin bölgədəki təhlükəsizliyi üçün əlavə qüvvələr göndərdiklərini bildirib.
“Yaxın Şərqdə son həftələrdə artan gərginlik İsrail daxil olmaqla, heç kimə fayda vermir. Bölgədə gərginliyin azalmasının bütün ölkələrin xeyrinə olacağına ümid edirəm. Qəzzada atəşkəs razılaşmasının əldə olunacağı və məhbusların azad ediləcəyi təqdirdə bölgədəki gərginliyin azalacağına inanıram.Bu baxımdan Həmasın yeni siyasi büro rəhbəri Yəhya Sinvarın çiyinlərində böyük məsuliyyət var”, – deyə ABŞ rəsmisi qeyd edib.