“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində Qarabağ torpaqlarında yenidən həyat qaynayır, əkin sahələri canlanır.
“TV1” xəbər verir ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində Kənd Təsərrüfatı Nazirliyinin və “Prior Lizinq” MMC-nin təşkilatçılığı, Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib.
Qarabağda ilk dəfə keçirilən texnika festivalı müasir aqrotexnikaların sərgisi, fermerlər üçün xüsusi imkanlar, yerli məhsulların nümayişi və əyləncəli proqramlardan ibarət olub.
Tədbirin əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını yaxından dinləmək və onların qabaqcıl kənd təsərrüfatı texnikalarına çıxış imkanlarını genişləndirməkdir. Festival çərçivəsində fermerlər “New Holland”, “Lovol”, “Solis”, “Väderstad”, “Maschio Gaspardo”, “Agrotech”, “Parlayan” və “Abollo” kimi dünya brendlərinin texnikaları ilə əyani tanış olub, mütəxəssislər tərəfindən texnikaların imkanları təqdim edilib və suallar cavablandırılıb.
Dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli dəstək, eləcə də aqrotexnika təminatında tətbiq edilən güzəşt və subsidiyalar regionda kənd təsərrüfatının sürətli inkişafını təmin edir.
“Prior Leasing” MMC də öz növbəsində “Böyük Qayıdış” proqramına öz töhfəsini vermək, tarixi torpaqlarımızın canlandırılmasını və yerli məşğulluğu təşviq etmək məqsədilə bölgəyə köç edən və fəaliyyət göstərən sakinlərə xüsusi şərtlər təklif edir:
Xüsusi lizinq imkanları: Texnikalar 40% dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə təqdim olunur.
Aqrotexniki dəstək və təlimlər: Texnikalardan daha səmərəli istifadə olunması üçün fermerlərə 3–6 aylıq operator təlimləri və aqrotexniki dəstək xidmətləri göstərilir.
Festival yalnız texnika nümayişi ilə məhdudlaşmayıb. Tədbir boyu müxtəlif yarışlar, maraqlı əyləncə proqramları təşkil olunub və uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.








