Qazaxıstanlılar bu günlərdə Azərbaycanın yanındadır
Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm gününün elan olunması barədə Sərəncam imzalayıb.
“TV1” xəbər verir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.
Bu gün dekabrın 26-sı Azərbaycanda matəm günüdür. Bu acı günlərdə qazax xalqı bizim yanımızdadır.
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlara yardım məqsədilə Aktauda vətəndaşlar qanvermə aksiyasına qoşulublar. Ruslar, azərbaycanlılar və qazaxlardan ibarət böyük bir izdiham var. Çox sayda insan qanvermə aksiyasına qatılıb.
Qazaxıstanda sadə vətəndaşların baş verən faciəli hadisəyə həssas münasibəti çox dəyərlidir. Belə ki, Azərbaycanın Astanadakı səfirliyində artıq ikinci gündür ki, vətəndaşların izdihamlı axını davam edir. İnsanlar səfirliyin önünə gələrək, həlak olanların xatirəsinə ehiram əlaməti olaraq, gül dəstələri qoyurlar.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin 6 sərnişini Qazaxıstan vətəndaşı olub. Onlar həlak olublar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Prezident Kasım-Jomart Tokayev araşdırmalara şəxsən nəzarət edir.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub. AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır. Artıq Prezidentin göstərişilə Baş nazir Əli Əsədovun rəhbərliyilə qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.