Qazaxda minaya düşənlərin son VƏZİYYƏTİ
02.08.2024-cü il tarixində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki 2 nəfərə – 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili tibbi yardım bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.