Qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
“Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.