Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Rusiyanın Yaroslav vilayətində Pereslavl-Zalessk dairəsinin Kubrinsk qəsəbəsində pirotexnika zavodunda baş verən yanğında ölənlərin xatirəsini anmaq üçün sentyabrın 30-da matəm günü elan edilib.
“TV1” xəbər verir ki, bu barədə regionun qubernatoru Mixail Yevrayev məlumat verib.
Matəm günündə dövlət binalarında bayraqlar yarıya endiriləcək. Televiziya və radio şirkətlərinə, mədəniyyət müəssisələrinə əyləncə proqramlarını və tədbirlərini ləğv etmək tövsiyə olunur.
Qeyd edək ki,Yaroslavl vilayətində pirotexnika istehsal edən müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub, bir qadın xəsarət alıb.
Yanğın Kubrinsk kəndində baş verib. Petardaların istehsal olunduğu müəssisənin ərazisində 2 bina yanıb.
Dağılan konstruksiyaların sökülməsi zamanı 10 nəfərin meyiti aşkar edilib. Ayağından xəsarət alan bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Yaroslavl vilayəti üzrə İstintaq İdarəsi təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması və bunun ehtiyatsızlıqdan 2 və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açıb.








