Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan guşəsi” nümayiş olunub – FOTO/VİDEO
Bu gün Rusiyanın Yekaterinburq şəhərində İseti çayının sahilində landşaft yaradıcılığına həsr olunmuş “Atmofest” VI Avrasiya Festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev də iştirak edib.
“TV1” xəbər verir ki, tədbirdə “Azərbaycan guşəsi” nümayiş olunub.
Azərbaycan Diasporunun təşəbbüsü ilə hazırlanan “Azərbaycan guşəsi” tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Guşədə Azərbaycanın rəmzlərini əks etdirən ornamentlər hazırlanıb.
Qubernator Y.Kuyvaşev “Azərbaycan guşəsi”ni ziyarət edib. Ona milli mətbəximizin ləziz təamları təqdim olunub.
Guşəni şəhər sakinləri və tədbirə qatılan qonaqlar da ziyarət ediblər.
Qeyd edək ki, “Azərbaycan-Ural” İctimai Milli Mədəni qurumunun təşkilatçılığı və Landşaft-Dizayn mütəxəssislərinin dəstəyi ilə Yekaterinburq şəhərində “Abşeron əfsanəsi” adlı bağ yaradılıb. İzləyicilərin ziyarəti üçün hazırlanmış bağda Azərbaycandan gətirilmiş əncir, nar, zeytun qonaqlara təqdim olunub.
Tədbirdə “Azərbaycan-Ural” İctimai Milli Mədəni təşkilatının sədri Şahin Şıxlinski başqa olmaqla Azərbaycan Diasporunun üzvləri fəal iştirak ediblər.