Şalva Papuaşvili: "Azərbaycan dövləti və xalqı Gürcüstana dəstəyini sübut edib"
“Azərbaycan bütün dövrlərdə Gürcüstana dəstək olub. Biz bu dəstəyi ərazi bütövlüyü və suverenliyimizin qorunmasında daha yaxşı hiss etmişik və görmüşük. Bəzi dövlətlər Gürcüstana bu dəstəyi sözdə ifadə etdiyi halda Azərbaycan bunu əməldə göstərib. Bu dəstəyə görə Azərbaycan Prezidentinə, parlamentinə və dost Azərbaycan xalqına minnətdarlığımızı bildiririk”.
“TV1” xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti ilə görüşdə söyləyib.
O deyib ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da bizə bütün sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Ümid edirəm, Azərbaycan parlament nümayəndə heyətinin bu səfərindən sonra həmin imkanların faydasını daha aydın görəcəyik.
Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanı Gürcüstana səfərə dəvət edib və bildirib ki, Gürcüstan tərəfi bu səfəri səbirsizliklə gözləyir.
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, nümayəndə heyətinin, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib:
“Bu, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra ilk görüşümüzdür. Ümidvaram ki, Gürcüstan parlamentinin yeni tərkibi ilə də əməkdaşlığımız səmərəli olacaq. Bu gün ölkələrimiz arasındakı dostluq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir və bu dostluğumuz dünyada nümunədir. Azərbaycan nümayəndə heyətinin bu səfərinin məqsədi mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə və genişləndirilməsinə təkan verməkdir”.
A.Nağıyev bildirib ki, Azərbaycan dövləti dost və qardaş Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib. Bu siyasət bu gün də davam edir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti Gürcüstan parlamentinin komitə sədrləri və dostluq qrupunun üzvləri ilə görüşüblər. Görüş zamanı hər iki ölkəni maraqlandıran müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.