Trampın nümayəndəsi "Şimal axını 2" vasitəsilə Rusiyadan Almaniyaya qaz nəqli ilə bağlı gizli danışıqlarda iştirak edir
Trampın nümayəndəsi “Şimal axını 2” vasitəsilə Rusiyadan Almaniyaya qaz nəqli ilə bağlı gizli danışıqlarda iştirak edir.
“TV1” xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsveçrədə Rusiya qazının Almaniyaya tədarükünün bərpası ilə bağlı gizli danışıqlar bir neçə həftədir ki, davam edir.
Həmçinin bildirilir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell qeyri-rəsmi olaraq bu sazişi müzakirə etmək üçün bir neçə dəfə İsveçrəyə gəlib. İdeya Vaşinqton və Moskvanın ABŞ-ın vasitəçi kimi çıxış edəcəyi və Rusiya qazını “Şimal axını 2” kəməri ilə Meklenburq-Ön Pomeraniyaya göndərəcəyi tədarük sazişi bağlamasıdır.
Nəşrin məlumatına görə, “Şimal axını 1” boru kəmərləri ilə bağlı planlar da var. Təmirdən sonra onlar Finlandiyadan hidrogeni nəql etmək üçün istifadə edilə bilər. ABŞ administrasiyası sövdələşmədə birbaşa iştirak etməyəcək. Bunun əvəzinə amerikalı maliyyə investorları da danışıqlar prosesinə qoşulacaqlar.
Qeyd edək ki, “Financial Times” yazıb ki, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, “Qazprom”un “Şimal axını 2” törəmə şirkətinin direktoru vəzifəsində çalışmış Matias Uorniq də Donald Tramp administrasiyasına amerikalı investorların dəstəyi ilə “Şimal axını 2” qaz kəməri ilə Rusiya Federasiyasından Almaniyaya qaz nəqlini bərpa etməyi təklif edir.
Lakin bu planın həyata keçirilməsi üçün ilkin şərtlər Moskvadan sanksiyaların götürülməsi və Almaniyanın yenidən Rusiya qazını qəbul etməyə razılıq verməsidir.