Trump TV-nin açılması ABŞ mediası üçün nə deməkdir?

media-ads_728_90

Faiq Hüsiyev – Əməkdar jurnalist

Qəribədir ki, kommunikasiya vasitələri inkişaf etdikcə dünyada söz azadlığı böhranı yaşanır.

Bu tendensiyanın söz azadlığı sahəsində lider saydığınız ABŞ-da rəsmi şəkildə qabardılması daha qəribə görsənir. Vaşinqtonun “WikiLeaks”-in təsisçisi Culian Assan­ja qarşı dövlət səviyyəsində aramsız təqiblərinin nümunəsindən sonra Ağ Evin demokratiya və söz azadlığına qarşı nə qədər “həssas” olduğu üzə çıxmışdı.

Bu yerdə Dövlət Departamenti­nin keçmiş əməkdaşı Mayk Bençin vaxtilə dediyi “İnternet meydana çıxandan söz azadlığı ABŞ-ın xüsusi xidmət orqanları tərəfin­dən başqa dövlətlərdə etirazlar və döv­lət çevrilişləri təşkil etmək üçün istifadə edilib” fikri yadıma düşdü.

Bəzi tanınmış jurnalistlər etiraf edirlər ki, söz azadlığı dövrü, demək olar ki, başa çatıb və ya qorxulu böhran mərhələsinə daxil olub. ABŞ-da isə Tramp prezident olan­da söz azadlığını “batırma­ğa” başladı.

Donald Trampın media nəhəngləri ilə qarşıdurması təhlükəli mərhələyə qədəm qoyub. Dövlət başçısı kimi onun fəaliyyətinin rəsmi iqamətgah olan Ağ Evdən işıqlandırılması hüququnun bəzi telekanalların əlindən alınması məhkəmə predmetinə çevrilib. CNN, Politico və MS NOW kimi telekanallar Vaşinqton federal məhkəməsinə müraciət edərək jurnalistlərin akkreditasiyalarının bərpa edilməsini istəyiblər. Çünki bu söz azadlığına ziddir. Hərçənd ki prezident Tramp adıçəkilən telekanalları Feyk-nyus – yəni yalan xəbər mənbəyi adlandırır. Və qeyd edir ki, ABŞ dövlət başçısı kimi onun fəaliyyətinin ancaq mənfi tərəfdən işıqlandırılması dövlət təhlükəsizliyi anlayışına ziddir. Odur ki, prezident pulundakı jurnalistlər daha ehtiyatlı olmalıdırlar.

Əslində Ağ Evdə eyni problem əvvəlki prezidentlər dövründə də yaşanıb. Hakimiyyət özü haqqında real həqiqəti heç də həmişə anlayışla qarşılamır. İkili standartların tüğyan etdiyi bu günkü dünyada gedən proseslərdə media ilə hakimiyyət arasında ən böyük uçurum da bundan ibarətdir.

Hələ 2018-ci ildə Trampın ilk prezidentliyi dövründə CNN-in əməkdaşı Cim Aksotanın Ağ Evə giriş vəsiqəsi ləğv edilmişdi. 2025-ci ilin fevralında isə nüfuzlu Associated Press agentliyinin əməkdaşına Ağ Evdə görünmək qadağası tətbiq olunmuşdu.

Qara siyahıda olan nüfuzlu nəşrlərin sırasında “The New York Times” və “The Washington Post” kimi redaksiyaların adları da var.

ABC, CBS, NBC и Fox News kimi televiziya nəhəngləri ilə yanaşı, prezident pulunda yer almış CNN-nin akkreditasiyasının geri alınması media mühitində böyük qalmaqal yaradıb. Odur ki, digər telekanallar da peşə həmrəyliyi nümayiş etdirərək Donald Trampın BMT Baş Assambleyasına çəkilişini təxirə salıblar.

Ağ Ev isə öz növbəsində daxili çəkiliş imkanlarından istifadə edərək helikopter meydançasının açılışı mərasimində görüntünü yayımlasa da, səs siqnalını çatdırmaq mümkün olmayıb.

Xatırladım ki, 2024-cü ilin dekabrında ABC telekanalı Trampa mülkü iddianı uduzaraq ona 15 milyon dollar ödəmişdi.

2025-ci ilin iyulunda isə CBS telekanalı öz səhvinə görə, Donald Trampa 16 milyon dollar müavinət ödəməli olmuşdu.

2025-ci ilin noyabrında ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın BBC telekanalına qarşı şərəf və ləyaqətin qorunması ilə bağlı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlamış, kanaldan 5 milyard dollar tələb etmişdi. BBC Panorama proqramının buraxılışında montaj edilmiş kadrlar yayımlanmış və bu, yanlış təsəvvür yaratmışdı. Qalmaqaldan sonra şirkətin baş direktoru Tim Deyvi və Xəbərlər Xidmətinin rəhbəri Deborah Terness istefa vermiş, idarə heyətinin sədri Samir Şan isə səhvə görə ictimai üzrxahlıq etmişdi.

Xatırladım ki, sosial şəbəkələr də Trampın qəzəbinə gəlmişdi. Birləşmiş Ştatlar “By­te Dance”ni təsisçisi olduğu “Tik-Tok”u satmağa məcbur etmək istəyirdi və bu platformanı, ümumiyyətlə, ölkədə blok­lamaqla hədələyirdi. Hələ 2020-ci ildə prezident Tramp tətbiqin istifadəsini məhdudlaşdırmaq istəsə də, məhkəmə bu təşəbbüsü rədd edərək, əleyhinə qə­rar vermişdi. Belə olan halda, 2022-ci ilin sonunda Konqres dövlət işçilərinə döv­lət cihazlarında sosial şəbəkədən istifa­də etməyi qadağan etmişdi. Tramp o zaman bildirmişdi ki, “Tik-Tok”un sahibi Amerika şirkəti olmalıdır.

Qəbul olunmuş fikrə əsasən “mətbuat azadlığı ABŞ-da ən mühüm azadlıqlardan biri hesab edilir və Birləşmiş Ştatların qurucuları tərəfindən 1791-ci ildə qəbul edil­miş Konstitusiyaya əlavə edilən “Birinci düzəliş”lə qorunur.

İndi isə bu qərara gəlmək olar ki, ABŞ-ın indiki “ataları” artıq bu düzəlişdən çox asanlıqla canlarını qurtarırlar. Bu yerdə sual yara­nır: Görəsən, Vaşinqton bundan sonra özünə tabe etmək istədiyi ölkələrə söz azadlığının pozulması iddiası ilə necə təzyiq göstərəcək?

Sentyabrın 21-dən etibarən isə Ağ Ev administrasiyası hökumət fəaliyyətlərini, rəsmi açıqlamaları və icmalları əks etdirən Trump TV platformasını işə salmaqla ictimai ünsiyyətdə yeni bir mərhələnin başlandığını elan edib. Bazar ertəsi axşamı istifadəyə verilən bu kanal, vasitəçilər olmadan hökumət və ictimaiyyət arasında birbaşa məlumat axınını təmin etməyi hədəfləyir.

Yayımın mərkəzində hökumət xəbərlərinin əsas məqamları, vacib siyasi qərarlar dayanır. 24/7 əlçatan  platforma bütün bu məzmunu izləyicilərə real vaxt rejimində yeniləmələr vasitəsilə təqdim edəcək. Bax belə!

media-ads_728_90
Paylaş