Ukraynadan daha 30 uşaq ölkəmizə gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
“TV1” xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də, sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də, yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq.
Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.
Uşaqların Azərbaycan mədəniyyəti, milli-mədəni, tarixi irslə daha yaxından tanışlığı üçün onların Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dək ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.