Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı başlayır.
“TV1” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival sentyabrın 30-dək davam edəcək.
Musiqi bayramı hər il bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirir. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək.
Builki festival, eyni zamanda Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq.








