Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir - ETX
Saxta hesablar vasitəsilə “Facebook” sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.
“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda “Facebook”un icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.
Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.