Zahid Məmmədov: “Baku ID 2026” festivalı innovasiya, yeni təşəbbüslərin təşviqində mühüm platformadır
Azərbaycanın startap və innovasiya ekosisteminin mühüm platformalarından biri olan “Baku ID 2026” festivalı 17–18 sentyabr tarixlərində keçirilib.
SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif ölkələrdən investorlar, startap nümayəndələri, texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, elm və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalın builki əsas yeniliklərindən biri tədbirin ilk dəfə “SABAH.city” innovasiya şəhərciyində keçirilməsi olub. Yeni məkan sənaye, elm, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, innovativ ideyaların və yeni layihələrin müzakirəsi üçün platforma yaradıb.
Tədbirdə süni intellekt, innovasiya, startapların inkişafı, vençur kapitalı və elm–biznes əməkdaşlığının perspektivləri ilə bağlı müzakirələri izlədim və müxtəlif iştirakçılarla fikir mübadiləsi apardım.
Tədbir çərçivəsində “TV1” kanalına müsahibə verərək Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı, elm–biznes əməkdaşlığının əhəmiyyəti, gənc innovatorların dəstəklənməsi və yeni texnologiyaların iqtisadi inkişafda rolu barədə fikirlərimi bölüşdüm.
“Baku ID 2026” festivalı Azərbaycanda innovasiya, sahibkarlıq və texnologiya mühitinin inkişaf etdirilməsi, yeni təşəbbüslərin təşviqi və beynəlxalq investorlarla əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma kimi diqqət çəkib.
Zahid Məmmədov
İqtisad elmləri doktoru, professor, “TV1” kanalının iqtisadi məsələlər üzrə baş eksperti








