2027-2030-cu illər üçün yeni strategiya və Böyük Qayıdış II proqramı hazırlanır - Baş nazir
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası növbəti mərhələnin əsas çağırışlarını müəyyən edib.
“TV1” xəbər verir ki, bunu bu gün parlamentin plenar iclasında çıxış edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazirin sözlərinə görə, artıq 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır. 2026-2029-cu illərdə dövlət xərclərinin prioritet istiqamətləri dayanıqlı iqtisadi artım, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, müdafiə və sosial təminat, təhsil, səhiyyə, təmiz ətraf mühit və yaşıl artım olacaq.
2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri 48,8 milyard manat proqnozlaşdırılır, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real artım tempi 5 faiz proqnozlaşdırılır.
Əsədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub və orta müddətli dövrdə aparıcı qüvvə qeyri-neft sektoru olacaq. 2022-ci ildə ÜDM-in 52 faizini qeyri-neft sektoru təşkil edirdisə, 2025-ci ildə bu göstərici 72 faizə, 2029-cu ildə isə 80 faizdən artıq olacaq.








