Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı Azərbaycandır

media-ads_728_90

Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olunub və bunun əsas qarantı Azərbaycandır. Həm şimal, həm də cənub istiqamətlərində gərginliklərin davam etdiyi və qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda bəzi qüvvələr Cənubi Qafqazda yaranmış reallıqlara qarşı fəaliyyət göstərirlər. Bu təzyiqlərin yalnız Rusiya tərəfindən deyil, Avropa istiqamətindən də gəldiyinin şahidi oluruq.

“TV1” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada deyib.

F.Şəfiyev Prezident İlham Əliyevin çıxışındakı tezislərin Azərbaycanın daxili və xarici siyasət prioritetlərini müəyyən edən mühüm strateji konsepsiya xarakteri daşıdığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regionda davamlı sabitliyin təmin olunmasına yönəlib və ölkəmiz postmünaqişə mərhələsində əməkdaşlıq və inteqrasiya təşəbbüslərinin əsas müəlliflərindən biri kimi çıxış edir.

Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev Prezidentin Zəngilanda səsləndirdiyi mesajların beynəlxalq münasibətlər sistemi və regional təhlükəsizlik mühiti baxımından mühüm siyasi məzmun daşıdığını qeyd edib.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin hələ də aktual olaraq qaldığını deyən Cavid Vəliyev bildirib ki, Ankara bu prosesdə Azərbaycanın maraqlarını ön planda tutur:

“Ermənistan tərəfi Türkiyə ilə sərhədlərin açılmasını çox istəsə də, rəsmi Ankara bu məsələdə qəti mövqe nümayiş etdirir. Türkiyə rəhbərliyi, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, bu proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadan, həmçinin Ermənistanın Türkiyəyə qarşı bəzi iddiaları aradan qaldırılmadan və Konstitusiyasında dəyişiklik edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılması real görünmür. Ermənistan dövləti ilə yanaşı, Ermənistan cəmiyyəti də normallaşmaya hazır olmalıdır”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə regionda müşahidə olunan yeni siyasi dinamikanı təhlil edərək bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Azərbaycanın regional liderlik mövqeyini bir daha nümayiş etdirib.

“Prezidentin nitqi yaxın tarixin təhrif edilməsinə yönəlmiş bəzi cəhdlərə qarşı yaxşı xatırlatmadır. Avropa Parlamenti, Fransa, Niderland və Belçika parlamentlərində ölkəmizə qarşı atılan addımlar göstərir ki, müəyyən məsələləri yenidən xatırlatmağa ehtiyac var. Erməni diasporunun təsiri altında Qərbdə bəzi dairələr 44 günlük müharibəni və 2023-cü ilin antiterror tədbirlərini fərqli şəkildə şərh edirlər. Azərbaycan isə müharibəni açıq və aydın şəkildə apardı, məqsədlərini əvvəlcədən elan etdi və həmin məqsədlərə nail oldu. Avropa təsisatlarına da xatırladıldı ki, ikili standartlara yol vermək olmaz. Zənnimcə, Avropa İttifaqı öz maraqlarına daha praqmatik yanaşmalıdır”.

BMTM-in şöbə müdiri Vasif Hüseynov çıxışında 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və “regional ownership” konsepsiyasının aktuallaşması məsələsinə toxunub. O bildirib ki, müharibənin nəticələri region dövlətlərinin öz bölgələrinin əsas aktorları kimi çıxış etməsi üçün yeni imkanlar yaradıb.

Vasif Hüseynovun sözlərinə görə, Azərbaycanın təşviq etdiyi “regional ownership” konsepsiyasına Gürcüstan tərəfindən daha konstruktiv yanaşma nümayiş etdirilsə də, Ermənistanın mövqeyi hələ də yetərli deyil. Onun fikrincə, Ermənistan uzun illər olduğu kimi, hazırda da xarici güclərin dəstəyinə əsaslanan siyasəti davam etdirir və bu yanaşma regionda etimad və əməkdaşlıq mühitinin formalaşmasına mane olur.

“İstər Ermənistan konstitusiyasının dəyişdirilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, istərsə də Aİ Monitorinq Missiyası kimi təxribatçı fəaliyyətlərin dayandırılması yalnız təzyiqin davam etdirilməsi sayəsində mümkün olacaq. Bu cəhətdən, Türkiyə-Azərbaycan müttəfiqliyinin davam etdirilməsi və Ermənistanla sülh prosesində atılan addımların sona qədər koordinasiya edilməsi çox böyük əhəmiyyət daşıyır”.

Bakı Politoloqlar Qrupunun sədri Zaur Məmmədov postmünaqişə dövründə beynəlxalq aktorların regiona münasibəti, qlobal güclər arasında rəqabətin Cənubi Qafqaza təsiri və dəyişən regional güc balansının gələcək proseslərə mümkün təsirləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasəti əldə edilən uğurların əsasında durur.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xarici siyasətini çox incə və çevik şəkildə həyata keçirir. Zəfərdən sonra Ermənistanla sülh prosesinin təşəbbüskarı da məhz Azərbaycandır. Azərbaycanın uğurunu şərtləndirən əsas amillərdən biri də Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq ölkəmizin yalnız bir istiqamətə fokuslanmaması, həm Rusiya, həm də Qərbə münasibətdə balanslaşdırılmış siyasət yürütməsidir. Siyasi qütbləşmə Azərbaycanda digər bəzi postsovet ölkələrində olduğu səviyyəyə çatmayıb”.

Dəyirmi masa daha sonra qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.

Milli Məclisin üzvləri Tural Gəncəliyev, Zaur Şükürov, Vüqar Bayramov, Elçin Mirzəbəyli, həmçinin politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov, Bakı Dövlət Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Mehdiyeva və siyasi şərhçi Ülviyyə Zülfüqar mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.

media-ads_728_90
Paylaş