8 yaşlı Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasından 8 il ötür.
“TV1” xəbər verir ki, Aİİ yarandığı gündən etibarən, ölkəmizdə din təhsilinin sistemli, elmi əsaslara söykənən, eyni zamanda, milli-mənəvi dəyərlərimizə sadiq formada təşkil olunması istiqamətində mühüm missiyanı yerinə yetirir.
İnstitutda yetişən kadrlar cəmiyyətin müxtəlif sahələrində məsuliyyətlə fəaliyyət göstərərək, dini sahədə peşəkar, həmçinin vətənpərvər, tolerant və multikultural mühitin qorunması istiqamətində nümunəvi davranışları ilə seçilirlər.
Qeyd olunan dövrdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi İnstitutun inkişaf strategiyasının əsas istiqamətlərindən biri olub. Aparılan araşdırmalar, nəşr olunan elmi əsərlər, dərsliklər və metodik vəsaitlər ilahiyyat sahəsində bilik bazasının zənginləşdirilməsinə mühüm töhfə verib.
Ali təhsil müəssisəsinin elmi fəaliyyətini əks etdirən Din Araşdırmaları Jurnalına məqalə qəbulunun, dəyərləndirmənin və yayımlanma prosesinin yalnız sayt üzərindən aparıldığını xüsusi qeyd etmək istərdim. Din Araşdırmaları Jurnalı, artıq beynəlxalq elmmetrik bazalarda da qeydiyyatdan keçib. Bundan başqa, Aİİ-nin fəaliyyətini əks etdirən Bülletten, həmçinin “İlahiyyat” elmi-publisistik jurnalı dərc olunur.
İnstitut elmi mühitin beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə xüsusi önəm verir. Xarici ali təhsil müəssisələri və elmi mərkəzlərlə qurulmuş əməkdaşlıqlar, akademik mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsi təhsilalanların elmi dünyagörüşlərinin genişlənməsinə şərait yaradır.
Ali təhsil müəssisəsi, artıq beş ildir, əməkdaşlıq müqavilələri çərçivəsində tələbələrinin xaricdə təhsillərini davam etdirmələrini həyata keçirir. Ötən ilədək bu mübadilə Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti və Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “29 Mayıs” Universiteti idisə, bu il əlavə iki tələbəmiz Türkiyənin Kırıkkale Universitetində təhsilini davam etdirəcək.
Qeyd etmək istərdim ki, tədrislə yanaşı, tələbələrin şəxsi inkişafı və sosial məsuliyyət hissinin formalaşdırılması da İnstitutun fəaliyyətində xüsusi yer tutur. Dil hazırlığı, əlavə təlimlər, intellektual və mənəvi inkişaf yönümlü təşəbbüslər gənclərin hərtərəfli yetişmələrinə xidmət göstərir.
Ötən müddət ərzində Aİİ ixtisaslı din xadimlərinin, ilahiyyatçıların hazırlanması, dini sahədə sağlam elmi yanaşmanın təşviqi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, radikalizmə, dini savadsızlığa qarşı maarifləndirmənin aparılması, həmçinin digər istiqamətlərdə mühüm nailiyyətlər əldə edib.
Qeyd olunan dövr ərzində İnstitut çoxsaylı beynəlxalq və respublika elmi konfranslarının təşkilatçılığını həyata keçirməyə nail olub. Ötən il isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən İnstitut və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilmiş beynəlxalq simpozium işini müvəffəqiyyətlə yekunlaşdırıb. Simpoziumun materiallar toplusunda yer alan məqalələr din təhsilinin dünyəvi, dini, formal, qeyri-formal, milli, beynəlxalq müstəvilərdə inkişafetmə yollarını, bu prosesdə mənəvi dəyərlərin rolu və XXI əsrin yeni reallıqları fonunda din təhsilində hansı modellərin daha effektiv ola biləcəyi kimi məsələləri, eləcə də bunlara dair dərin elmi diskussiyaların xülasəsini ehtiva edir.
Aİİ-nin yanında təsis edilmiş Bakı İlahiyyat Kolleci də səmərəli və məqsədyönlü fəaliyyəti ilə İnstitutun təhsil həyatında mühüm rola malikdir.
Xüsusilə vurğulamaq istərdim ki, görülən işlərin eyni amal və məqsəd naminə ardıcıl şəkildə həyata keçirilməsində başda cənab sədr Ramin Məmmədov olmaqla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və kollektivinin əməyi əvəzsizdir. Dövlət Komitəsi Aİİ-ni yalnız tabeliyində olan bir təhsil müəssisəsi kimi dəyərləndirmir. Komitə din siyasətini elmi əsaslarla formalaşdıran, istiqamətverici və dayaq nöqtəsi olan qurum kimi İnstitutun fəaliyyətinə rəvac verir. Dövlət Komitəsi rəhbərliyinin İnstituta göstərdiyi xüsusi diqqət və qayğı bu yanaşmanın real təzahürüdür.
Aİİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının inkişafı, elmi və maarifləndirici təşəbbüslərin dəstəklənməsi də bu yanaşmanın konkret nəticələrindəndir.
Bundan əlavə, qardaş qurumumuz olan Mənəvi Dəyərlərin Təbliği Fondunun layihə və proqramlar vasitəsilə göstərdiyi dəstək İnstitutun maarifləndirici və elmi potensialının daha da güclənməsinə mühüm töhfə verib. Fondun İnstitut tələbələrinə göstərdiyi ardıcıl və məqsədyönlü dəstək fəaliyyətimizi daha da gücləndirir.
Ötən ildən etibarən, artıq Fond tərəfindən tələblərimiz üçün daha 4 adlı təqaüd – “Seyid Yəhya Bakuvi”, “Şeyxülislam Məhəmməd İrəvani”, “Həmzə Nigari”, “Xurşidbanu Natəvan” adlarına təqaüdlər təsis edilib. Bununla da İnstitutda adlı təqaüdlərin sayı yeddiyə çatıb.
Qafqaz Müsəlmanları İdarəsi də tələbələrimiz üçün “Şeyxülislam” və “Vasim Məmmədəliyev” təqaüdlərini təsis edərək Aİİ-yə xüsusi diqqət ayırır.
Aİİ-nin qazandığı nailiyyətlər səkkizillik məqsədyönlü fəaliyyətin və kollektivin fədakar əməyinin nəticəsidir.








