ABŞ Qrenlandiyaya zərbə endirəcəyi təqdirdə hərbçilər müdafiə tədbirləri görməyə borcludur - Danimarka MN

media-ads_728_90

ABŞ Qrenlandiyanı zorla ilhaq etməyə cəhd edərsə, Danimarka hərbi qulluqçuları Amerika qoşunlarına cavab atəşi açmalıdırlar.

“TV1” xəbər verir ki, bunu Danimarka Müdafiə Nazirliyinin sözçüsü Tobias Roed Yensen bildirib.

O, Amerikanın “The Intercept” portalına verdiyi şərhdə bildirib:

“Danimarka hərbi birləşmələri ölkə ərazisini müdafiə etməyə, o cümlədən onun silahlı hücuma məruz qaldığı təqdirdə dərhal müdafiə tədbirləri görməyə borcludur”.

Yensen 1952-ci ildən etibarən Qrenlandiya da daxil olmaqla bütün ölkəyə şamil edilən müvafiq Kral fərmanına istinad edib. O qeyd edib ki, fərman Danimarka ordusuna siyasi və ya hərbi liderlərin təlimatlarını gözləmədən hücum halında ölkəni müdafiə etməyə imkan verir.

Bu bəyanatdan əvvəl “Danmarks” radiosu Danimarka Müdafiə Nazirliyinin Qrenlandiyaya hərbi texnika və qabaqcıl dəstə göndərdiyini bildirib.

Yanvarın 14-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Danimarkanın etirazlarına baxmayaraq, ABŞ Qrenlandiyanı əldə etmək niyyətinə sadiqdir.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Müqaviləsini imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.

media-ads_728_90
Paylaş