Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə silsilə tədbirlərə start verilib. Şəhərdə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.
“TV1” xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.
Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.
Qeyd edək ki, 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunan tədbirlər Ağdam şəhərində Prezidentin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.








